“Həyatda heç nə təsadüfən olmur. Bizim nəticələrimiz ağır işimizin nəticəsidir. Transfer prosesi il boyu həyata keçirilir. Biz sistemimizə uyğun oyunçular axtarırıq, yerli və milli reallıqları nəzərə almalıyıq. Ümumi qaydamız belədir ki, futbolçunun haradan olmasının, harada oynamasının fərqi yoxdur. Əsasən, onun futbolumuza, mentalitetimizə uyğunlaşması lazımdır”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş meneceri Asif Əsgərov Polşa mətbuatına müsahibəsində deyib.
Klub rəsmisi transfer siyasətləri haqda da danışıb:
“Daha çox sərbəst və sistemimizə uyğun olanları axtarırıq. Transfer siyasətimiz son illərdə xüsusilə yaxşı işləyir. Rəhbərliyi qane edən sistem yaratmışıq”.
O, komandaya ulduz futbolçular transfer etməmələrinin səbəbini də açıqlayıb:
“Pedro Enrikeni adına görə icarəyə götürməmişdik. Yeganə səbəb oyun sistemimizə uyğun gəlməsi idi. Biz adlardan daha çox sistemə üstünlük veririk. Keçmiş ulduzla müqavilə bağlayırsız, fotolara, reklamlara zaman ayırırsız. Nəticə əldə etməyə isə vaxt qalmır”.
“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşanın “Lex” klubu ilə qarşılaşacaq.