25 Noyabr 2024
Kateqoriyasız Ölkə futbolu

Bizi Avropada “Keşlə” təmsil etməlidir (yazı)

Bir klub fikirləşin ki, istədiyi vaxt oyunçu alır. Bir klub fikirləşin ki, ürəyi istəyəndə məşqçi qova bilir. Bir klub fikirləşin ki, adı, loqosu hər an dəyişə bilər. Bir klub fikirləşin ki, prezidenti hər məğlubiyyətdən sonra soyunub-geyinmə otağına girib məşqçi-oyunçu qarışıq heç kimdə “salamat” yer qoymur…

Topaz Premyer Liqasında mübarizə aparan bu həvəskar səviyyəli peşekar görünüşlü “Keşlə” klubu ölkə futbolunun ən yaxşı simasıdır. Əgər nə vaxtsa, bir klub necə dağıdılıb, məhv edilməlidir sualı ilə qarşı-qarşıya qalsanız, asanlıqla bu klubu nümunə göstərə bilərsiniz. “Keşlə” əsl qeyri-peşekarlığın , bərbad idarəetmənin, sistemsiz şəkildə çalışmanın sonunun necə acınacaqlı olacağını bütün klublara sübut edir. Futbol adına yaraşmayan nə qədər biabırçı şeylər varsa, hamısı bu klubda birləşib. Daha doğrusu birləşdiriblər. Futbolun  bağırıb-çığırmaqla yox, ağılla, savadla idarə edildiyindən xəbərsiz olan bu insanlar hələ də gördükləri işin mahiyyətini dərk etməyiblər. Klub 20 oyunçunu bir araya toplayaraq onlara bir baş məşqçi təyin edib və önlərinə bir-iki top atmaqla idarə olunmur. Olsa da, bu cür rəzil və bərbad şəkildə olur.

Əslində,  I Divizionunun varlığı ilə yoxluğu bilinməyən cəmi 8 komandalı bir çempionatı olan  futbol ölkəsinin klubu bundan artıq ola bilməz. “Keşlə”nin vəziyyəti yalnız bu klubun yox, elə ölkə futbolunun durumunun necə acınacaqlı olduğunu göstərir. Bəzən olur ki, futbolumuz haqqında olan mənfi şeylərdən cild-cild kitab yazmaq istəyirsən. Ancaq birdən bu klubu gözünün qabağına gətirib heç nə yazmağa ehtiyac olmadığını görürsən. Çünki paytaxt təmsilçisi sağ olsun, hər şeyi elə gözəl ifadə edir ki, ölkə futbolunun vəziyyətini bilməyənlər də xəbərdar olur.

Hərdən düşünürsən ki, bəlkə də elə bizi Avropada bu klub təmsil etməlidir. Çünki Azərbaycan futbolunun vəziyyətini dünyaya göstərə biləcək ən yaxşı klub elə “Keşlə”dir. Rast ki, ölkə futbolunun güzgüsü bu klubdursa, niyə bizi Avropada “Qarabağ” təmsil edir ? Dərhal AFFA bu işə əl atmalıdır. Bundan sonra Azərbaycanı Avropada “Keşlə” təmsil etməlidir. Heç fərq etməz. İstər çempion olsun, istərsə də axırıncı yer tutsun. Onlar hər il Avropada olmalıdır. Məhz onlar bizi beynəlxalq arenada layiqincə təmsil edə bilər. Məhz onlar Azərbaycan futbolunu doğru şəkildə bütün dünyaya tanıda bilər. “Qarabağ”ın bizi təmsil etməsi qəbuledilməzdir. Yanlışdır. Çünki “Qarabağ” dünyanı “aldadır”. Azərbaycan futbolunu yanlış təmsil edir. Hər kəsə bizdə futbolun, rəqabətin olduğunu hətta bizim çempionatdan ÇL-na və AL-ya vəsiqə qazanan komanda da çıxa biləcəyini göstərir. Ancaq bu yanlışdır, doğru deyil. Çünki bizdə belə rəqabət və bu səviyyədə bir çempinonat yoxdur. Biz “Keşlə”nin göstərdiyi kimi bir futbol ölkəsiyik. Hər şeyimiz onların klublarındakı vəziyyət kimidir. Elə buna görə də Azərbaycan futbolunu Avropada “Keşlə” təmsil etməlidir. Çünki bizim futbolun səviyyəsi “Qarabağ” deyil, “Keşlə”dir.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43