Kateqoriyasız

Biz beynəlxalq səviyyəyə öyrəşməmişik” – De Byazi

DÇ-2022-nin seçmə mərhələsində sabah keçiriləcək Azərbaycan – Serbiya oyunu öncəsi mətbuat konfransında yığmamızın baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi.

– İki səfər oyunundan sonra Bakıda ilk matçımıza çıxırıq. Son matçlarda bəzi keyifyyətlərimizi göstərdik. Çatışmayan aspektlər var. Bunları aradan qaldırmalıyıq. Sabah fiziki və texniki baxımdan güclü komandaya qarşı çıxış edəcəyik. Rəqibin 95 faizi oyunçusu ölkə xaricində çıxış edir. Bizi çətin oyun gözləyir.

– Portuqaliya ilə oyunda ikinci, Qətərlə matçda ilk yarı yaxşı alındı. Pozitiv stabillik üçün nə lazımdı?
– İki fərqli matç oldu. Portuqaliya ilə oyunun birinci hissəsində futbolçularda deyərdim ki, utancaqlıq oldu. Fasilədən sonra isə oynaya biləcəyimizi göstərdik. Qətərlə matçda çoxlu dəyişiklik etdik, az oynayanlara şans verdik. Bəzilərinin fiziki forması ideal deyildi. İlk yarıda yaxşı oynadıq, fərqi artıra da bilərdik. Penaltini hakim rəqibı hədiyy verdi. İkinci qolda isı deyərdim ki, 100 zərbədən biri qol ola bilər.

– Heyətlə balı son durum necədi? Qətərlə matçda Bəhlul zədələnmişdi…
– Bəli, zərbə aldı ayağından. Sabaha hazır olub-olmayacağını hələ bilmirik.

– Start heyətinizi özünüz üçün müəyyənləşdirmisizmi, yoxsa hər hansı mövqe ilə bağlı şübhəniz var?
– Xeyr. Sabah elə bir komanda oynayacaq ki, nəyə malik olduğumuzu göstərsinlər və gözəl bayrağımız üçün vuruşsunlar.

– Rəqib baş məşqçi bildirdi ki, Azırbaycanla aramızda hər hansı sirr yoxdu ki, kimdənsə soruşum vı öyrənim. Bəs sizin üçün Serbiya yığmasında hər hansı sirli məqam varmı?
– Milanla danışmışıq. Bir müddət əvvəl. Rəqib baş məşqçi dəyişikliyi edib. Son iki matçda 4 xal yığıblar. Böyük təcrübəyə malik futbolçuları var. Təəssüf ki, bizdə bu təcrübə yoxdu və arada müəyyən fərq yaradır.

– Emin Mahmudovun oynaması ilə bağlı həmişə baş məşqçilərə təzyiq edilir. Son iki matçda onu meydana buraxmısız…
– Emin koronavirusla bağlı çətin period keçirdi. Keyfiyyətə, təcrübəyə malik oyunçudu. Seçmə mərhələdən öncə onunla ayrıca görüşdük. Çox yaxşı təəssüratım oldu. Onun barədə fərqli düşünürdüm, həmin görüşdən sonra çox şey dəyişdi. Çox ağıllı, vətəninə bağlı futbolçudu. İnanıram ki, getdikcə bizə çox faydası dəyəcək.

– Azərbaycanda mentalitet, taktikanı dəyişməli olduğunuzu və komandanın daha çox çalışmalı olduğunu söyləmişdiz. Nəyisə dəyişməyi bacarmısız?
– O qədər də çox tez-tez görüşmürük. O qədər də asan deyil. Bir həftə hazırlıq üçün vaxtımız olmuşdu. Mentalitet üzərində çox işləyirik. Ancaq qısa müddətdə dəyişə bilməz. Uşaqlar daha çox inanmalı, istəkli olmalıdılar. Heç bir oyunu əvvəlcədən beyinlərində uduzmamalıdılar.

– Azarkeşlər çox əsəbidi. Nəhayət, onları sevindirə biləcəksiz?
– Özüm də azarkeşlər kimi çox narahatam. Rəqiblərimiz də qalib gəlmək istəyir. Meydanda sona qədər döyüşməliyik. Hamımızın məqsədi qələbə qazanmaq və azarkeşlərimizi sevindirməkdi.

– Komandanın oyununa baxıb dünya çempionatına yüksəlmək potensialı görürsüz?
– Çox irəli getdiz. Hələ başlanğıcdayıq. İlk növbətə hamımız buna inanmalıyıq. Qrupun 5-ci komandasıyıq. Ancaq futbolda həmişə güclülər qalib gəlmir. Hamımızın arzusu buna nail olmaqdı.

– Vaxtilə Azərbaycan Serbiyaya qalib gələndə Azərbaycan millisinin üzvləri yenə ölkə daxilində çıxış edirdi. İndi futbolçularımızın avrokubok təcrübəsi də var. Bunları nəzərə alıb, bu rəqibdən azı 1 xal alacağımızı deyə bilərsiz?
– Nəyə görə limit qoyursuz? Niyə 1 xal? Hər oyun 0:0 hesabı ilə başlayır. 10-15 il əvvəl necə olduğunu deyə bilmərəm. O vaxt, ya indi daha yaxşı futbolçuların çıxış etdiyini söyləmək mənim üçün mümkünsüzdü. Bu oyunda sona kimi mübarizə aparmalıyıq.

– Mahir Emreli son iki matçda start heyətdə oynayıb. O, 6 gündə 3 matç keçirməyə hazırdı?
– Fiziki cəhətdən yaxşı durumdadı. Qətərə qarşı 65 dəqiqə meydanda oldu. Sabah meydana çıxıb-çıxmayacağı barədə hələ qərar verməmişəm.

– Portuqaliyaya qarşı ilk hissədə komandanın utancaq oynadığını söylədiz. Bəlkə fasiıədən sonra daha yaxşı görünməyimizin səbəbi meydana topla daha yaxşı oynayan futbolçuları buraxmağınız idi və bu yolla komandanın daha baxımlı oynamasına nail olmaq olar?
– Məntiq baxımından izah etmək çətindi. Biz beynəlxalq səviyyəyə öyrəşməmişik. Futbolçularpmız ölkə daxilndə çıxış edir. Bu baxımdan çətinlik çəkdik. Əsas da ilk hissədə hiss olundu. Həmişə futbolçulara deyirəm ki, nə qədər rəqibdən çəkiniriksə, üzərimizə daha çox gəlirlər. Buna mümkün qədər tez öyrəşməli və qorxmadan oynamalıyıq.

– Motivator kimi gözəl danışırsız. Məşqçi kimi nələr söz verə bilərsiz?
– Texniki baxımdan çox çətinlik çəkdiyimizi düşünmürəm. Sadəcə, sitursiyaları oxumaqda çətinliyimiz olur. Ola bilər ki, futoblçular gənc yaşlarında texniki bacarığın hesabına yaxşı nəticə qazanıblar, ancaq bu səviyyədə situasiyaları düzgün oxumaq vacibdi. Saniyələr həlledici olur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43