AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarda 2017/18-ci illər mövsümü artıq 2 aya yaxındır ki,
başlayıb. Gözdən-könüldən uzaq qalan, ikisi qızlar olmaqla 10 yaş qrupu üzrə birincilikdə rast
gəlinən problemlər ötən mövsümlərlə müqayisədə xeyli azalsa da, yenə də yox deyil. Ən böyük
çatışmazlıq liqalarda komanda sayı ilə bağlıdır.
14 yaşına kimi futbolçuların iştirak etdikləri liqalarda komanda sarıdan problem yaşanmır.
Amma U-15, U-16 və U-17 liqalarında “kasadlıq” hökm sürür. Ötən mövsüm 100-ə yaxın
komandanın iştirak etdiyi və bütün respublikanı əhatə edən U-14 Liqasında çıxış edən
futbolçular bu il U-15 Liqasında mübarizə aparmalı idilər. Əslində, aparırlar da. Amma onlardan
çox az qismi. Təsəvvür edin ki, komanda sayı 5-6 dəfə azalıb. U-15 Liqası U-16 və U-17 ilə
müqayisədə şükürlüdür. 16 yaşlı futbolçuların çempionatında 11, 17 yaşlıların birinciliyində isə
12 komandanın olması uşaq futbolundakı bərbad vəziyyətin göstəricisidir. Özü də bu
komandaların 8-i Premyer Liqada klublarının futbol məktəblərinin təmsilçiləridir. Başqa sözlə,
həmin klublar istəsələr də, istəməsələr də, məcburən liqalara komanda buraxmalıdırlar. Bu haqda
ötən yazılarımızdan birində geniş bəhs etdiyimizdən keçək digər çatışmazlığa.
Liqalarda “gözəgirən” problemlərdən biri də stadionlarla bağlıdır. Daha dəqiq onların kəmiyyəti
və keyfiyyəti ilə. Respublikada yarışların keçirilməsi üçün stadion çatışmazlığı təəssüf doğuran
məqamdır. Bir çox klubların balansında ümumiyyətlə, stadion yoxdur. Olanlarda isə…
Stadionların əksəriyyəti süni örtüklüdür. Bunun da uşaqların sağlamlığına vurduğu ziyanları
sadalamağa ehtiyac görmürük. Təbii örtüklü olanların çoxunu isə “təbii torpaqlı” adlandırsaq,
daha doğru olar. “Koçka”larla zəngin belə meydanlarda futbol oynamaq uşaqlar üçün əsil
zülmdür. Əksər stadionlarda şərait yaxşı deyil, işıqlandırma sistemi bərbaddır və ya yoxdur…
Yazının əsas mövzusunu təşkil edəcək daha bir çatışmazlıq U-16 və U-17 liqalarında oyunların
dərs günləri keçirilməsidir. Məlumdur ki, bu liqalarda oynayan futbolçuların əksəriyyəti 10-11-ci
sinif şagirdləridir. Ali məktəbin bir addımlığında bu uşaqları tədrisdən kənar salmaq nə dərəcədə
doğrudur? Bu gün 16-17 yaşı olan uşaqların heç də hamısı gələcəkdə peşəkar futbolçu ola
bilməyəcək. Bu, aksiomdur. Bəs, dərslərdən məcburən kənar qalan uşaqlar peşəkar futbolçu
olmayacaqları təqdirdə hansı savadla özlərinə gələcək həyat quracaqlar?
Kimdir günahkar? AFFA, yoxsa klublar?
Hələ ötən il U-15, U-16 və U-17 liqalarında oyunların həftə içi keçirilməsi ilə bağlı araşdırma
aparmış, AFFA-nın Yarışların Keçirilməsi Departamentinin rəhbəri Yusif Vəliyev və klubların
akademiyalarının nümayəndələrinin məsələ ilə bağlı mövqeyini öyrənmişdik. Yusif müəllim
oyunların şənbə və bazar günlərində keçirilməsinin onlar üçün heç bir çətinlik yaratmadığını
söyləmiş, bu problemlərin qaynaqlanmasında əsas günahın klublarda üzərinə düşdüyünü
bildirmişdi. Bundan başqa departament rəhbəri bu mövsümdən etibarən liqalarda oyunların
həftəsonu təşkilinə çalışacaqlarını da qeyd etmişdi. Klub nümayəndələrinin bir qismi bu istəkdə
olduqlarını bildirsələr də, aralarında AFFA-nı günahkar çıxaranlar tapılmışdı. Araşdırma
nəticəsində gəldiyimiz qənaət bu idi ki, oyunların “ara günləri” keçirilməsinin səbəbləri stadion
azlığı və maliyyə problemidir. Artıq, bu mövsümdən etibarən U-15 Liqasında oyunlar şənbə və
bazar günlərinə salınıb. Bəs, U-16 və U-17 Liqaları? Hansı səbəbdən 16 yaşlılar cümə axşamı,
17 yaşlılar isə bazar ertəsi oynamalıdırlar? Yaxud, dərs buraxmalıdırlar?
Məsələ ilə bağlı ötən il olduğu kimi ilk növbədə Yusif Vəliyevin mövqeyini öyrəndik. O, yenə
də sözügedən liqalarda oyunların həftəsonu keçirilməsinin tərəfdarı olduğunu bildirməklə yanaşı,
problemin yaranmasının əsas səbəbkarları kimi bəzi klubları göstərdi: “Bildiyiniz kimi, bu ildən
etibarən U-15 Liqasının oyunlarının həftəsonu keçirilməsi ilə bağlı qərar qəbul etdik. Digər 2
liqaya gəlincə, çox istərdik ki, onlarda da oyunlar dərs günlərinə düşməsin. Amma… Məsələ
burasındadır ki, U-14 Liqasına kimi bütün yaş qruplarında stadion məsələsini AFFA həll edir və
indiyə kimi nəsə bir problemlə üzləşməmişik. Üstəlik, oyunları şənbə və bazar günləri keçiririk.
U-14-dən yuxarı liqalarda isə oyunların keçirilməsi üçün stadionları klublar müəyyən edirlər.Bundan başqa komandaların nəqliyyatla təmin olunması da klubların öhdəsinə düşür. Əsas
komandaların oyunlarının əsasən həftəsonuna düşməsi, eyni zamanda əvəzedici və Gənclər
Liqasında çıxış edən komandaların da hər həftə oynaması bir çox klublarda aşağı yaş qruplarının
oyunlarını həftənin istirahət günləri keçirməsinə imkan vermir. Eyni zamanda 4-5 komandanın
müxtəlif istiqamətdə səfərə göndərilməsi klublar üçün problem yaradır. Məhz bu üzdən
sözügedən liqaların oyunlarını dərs günlərinə salmağa məcbur olmuşuq. Yəni, yaranan
problemin səbəbkarı AFFA deyil. Bütün liqalarda oyunların şənbə və bazar günləri keçirilməsi
üçün nə təşkilati, nə hakimlər, nə də digər məqamlarla bağlı AFFA-nın heç bir problemi
yoxdur”.
Sözügedən məsələdə AFFA-nın suçunun olmadığını, problemdə əsas payın klubların üzərinə
düşdüyünü deməliyik. Fikir versək görərik ki, əksər klubların ya özlərinin stadionları yoxdur, ya
da cəmi 1 meydanı olan stadionu var. Bu halda əsas, əvəzedici, gənclər və aşağı yaş qruplarının
oyunlarının hamısının həftəsonu keçirilməsi mümkün olmur. Problemdən çıxış yolu varmı?
Klublar oyunların həftəsonu keçirilməsini dəstəkləyir, amma…
Bayaq qeyd etdik ki, U-16 və U-17 liqalarında uyğun olaraq 11 və 12 komanda çıxış edir.
Onlardan 8-i Premyer Liqa təmsilçilərinin akademiyalarının (əgər çoxuna akademiya demək
mümkünsə – İ.T.) komandalarıdır. U-16 Liqasında “səkkizlik”dən başqa “Vətən”, “Neftçi” İK İB
və “Turan”, U-17 Liqasında isə “Xəzər Lənkəran”, “Neftçi” İK İB, “Ağsu” və “Mil-Muğan”
iştirak edir. Adıçəkilən klubların komandalarının bütün liqalarda oyunların həftəsonu
keçirilməsində hansısa problem yaradacağına inanmırıq. Fikrimizi bir qədər ətraflı izah edək.
“Neftçi” İK İB-dən başlayaq. Komanda ev oyunalarını Lökbatan Olimpiya Kompleksinin
stadionunda keçirir. U-15, U-16, U-17 və Gənclər Liqasında çıxış edən 4 komandanın oyunlarını
bütün komandalar evdə oynasalar belə şənbə-bazar keçirmək mümkündür. “Xəzər Lənkəran”ın
da əsas komandası yoxdur. Üstəlik, “Neftçi” İK İB-dən fərqli olaraq klub cəmi 1 yaş qrupu üzrə
qonaq qəbul edə bilər. Yəni, klubun nə U-15, nə də U-16 komandası var. “Turan”, “Ağsu” və
“Mil-Muğan”ın əsas komandaları olsa da, heç də bütün yaş qruplarından ibarət komandalara
sahib deyil. Bu klubların özlərinin stadionları var. Bundan başqa çətin vəziyyətdə Tovuz, Ağsu
və İmişlidəki Olimpiya İdman Komplekslərinin stadionlarından da istifadə etmək olar. Dövlət bu
kompleksləri yaraşıq üçün tikməyib ki? O ki qaldı “Vətən”ə, məktəbin I Divizionda çıxış edən
“Sabah” komandası ev oyunlarını Binə qəsəbə stadionunda keçirir. Aşağı yaş qrupları isə
qonaqları “Neftçi Baza”da qəbul edir. Təhsil Nazirliyinin balansında olan məktəbin özünün
stadionu oyunları keçirməyə imkan verməsə də, “Vətən”in çətin durumda əlavə stadion icarəyə
götürməsi fikrimizcə, mümkündür.
Keçək Premyer Liqa təmsilçilərinə. “Səkkizliy”in nümayəndələri ilə əlaqə saxlayıb, bütün yaş
qruplarının oyunlarının şənbə və bazar günləri keçirmək imkanlarının olub-olmadığını soruşduq.
“Qəbələ”nin Futbol Akademiyasının direktor müavini Nail Kərimov 2 liqada oyunların dərs
gününə təsadüf etməsini yaxşı qarşılamadı. Onun sözlərinə görə 10-11-ci sinif şagirdlərinin
futbola görə dərs buraxmaları yaxşı hal deyil: “Biz həmişə təhsilə böyük önəm vermişik.
Akademiyamızda olan uşaqların hamısının əla oxuduğunu deməklə yalançı olaram. Amma
dərslərə davamiyyət mütləqdir. Oyunların həftə içinə düşməsi davamiyyətə mənfi təsir göstərir.
Hələ ötən mövsüm AFFA-da keçirilən iclasların birində sözügedən 3 liqada oyunların
həftəsonuna təyin olunamsı ilə bağlı təklifimiz olmuşdu. Doğrudur, o vaxt bunun mərhələli
şəkildə həyata keçirilməli olduğunu bildirmişdik. Bildiyiniz kimi, bu ildən etibarən U-15
Liqasında oyunlar şənbə və bazar günləri keçirilir. Gözləyirdik ki, U-16 Liqasında da oyunlar
həftənin istirahət günlərinə salınacaq. Növbəti mövsüm isə bu ənənə U-17 Liqasında da tətbiq
olunmaqla problem həllini tapacaq. Təəssüf ki, gözlənilənlər baş vermədi”.
Nail müəllim “Qəbələ”nin Futbol Akademiyasının yeni yataqxana binası hazır olandan sonra
təhsilə daha çox önəm verəcəklərini bildirdi. Lakin layihənin hələ tam həll olunmaması üzündən
bu haqda danışmağın tez olduğunu da söylədi. Onun sözlərinə görə liqalarda oyunların şənbə-
bazar keçirilməsi onlar üçün heç bir problem yaratmır: “Bir müddət əvvəl AFFA-ya bu barədəmüraciət etmişdik ki, komandalarımızın oyunlarını istirahət günlərinə salsınlar. Əslində, ev
oyunlarının “ara günləri”nə təsadüf etməsi uşaqların dərs buraxması anlamına gəlməməlidir.
Çünki, ev oyunlarımız dərs saatlarından sonra başlayır. Səfər oyunlarında isə uşaqlar məcburən
dərs buraxmalı olurlar”.
Problemin yaranmasına səbəb kimi bir çox klublarımızın ağır durumunu göstərən
həmsöhbətimiz, AFFA-nın bu məsələdə heç bir günahının olmadığını və yaxın gələcəkdə bütün
liqalarda oyunların həftəsonu keçiriləcəyinə ümidli olduğunu söylədi.
“Qarabağ”ın aşağı yaş qrupları ev oyunlarını 2 stadionda keçirir – “Sərhədçi” və Binə qəsəbə
stadionuda. Ölkənin “1 nömrə”li klubunun bütün yaş qrupları üzrə komandalarının qonaqları
həftənin istirahət günləri evdə qəbul etməsi mümkündürmü? “Qarabağ”ın Futbol
Akademiyasının koordinatoru Borça Xristov AFFA tərəfindən belə bir qərar veriləcəyi halda
onların problemlə üzləşməyəcəklərini dedi.
Oxşar fikri “Səbail”in mətbuat xidmətinin rəhbəri Törə Əhmədova da səsləndirdi. Hazırda
“Dalğa Arena”ya sığınan AFFA komandası “Bayıl Arena”nın ot örtüyü istifadəyə verildikdən
sonra şənbə-bazar qonaq qəbul etmək sarıdan korluq çəkməyəcək.
Stadionunun təmirini gözləyən daha bir klub “Neftçi”dir. Klubun Futbol Akademiyasının rəhbəri
Eldar Bədəlov şagird-futbolçuların dərs buraxmalarını yaxşı qarşılamadığını bildirməklə yanaşı,
liqalarda oyunların şənbə-bazar keçirilməməsinin əsas səbəbi bəzi klubların infrastruktur
problemi ilə bağlı olması fikrindədir: “Neftçi”nin böyük yaş qruplarının oyunlarının bir hissəsi
Binə qəsəbə stadionunda keçirilir. Həmin stadion çox yüklənib. Orada “Qarabağ”ın
akademiyasının komandalarının, Qızlar Liqasının iştirakçılarının, “Sabah”ın oyunları keçirilir.
Digər oyunlarımızı isə “Dalğa Arena”da keçiririk. Orada da qrafik çox sıxdır. Əlbəttə, biz də
oyunların dərs gününə təsadüf etməməsinin tərəfdarıyıq. Təəssüf ki, klubların infrastruktur
problemi buna imkan vermir. Ümid edirəm ki, gələn mövsümdən etibarən bu məsələ yoluna
qoyulacaq, uşaqlar təhsildən uzaq düşməyəcəklər”.
Eldar müəllim sonda Bakıxanov qəsəbəsindəki stadionun istifadəyə verilməsindən sonra
problemin “Neftçi”yə aid hissəsininin həlli olunacağını da söylədi.
Yenə də Bakıdan bir qədər “uzaqlaşaq”. Gəncə şəhər stadionunun meydanında yeni təbii örtüyün
salınmasından sonra orada hansısa aşağı yaş qrupunun oyun keçirməsi ağlabatan deyil.
“Kəpəz”in futbol məktəbinin komandaları ev oyunlarını Gəncə Təhsil İdman Məktəbinin
stadionunda keçirir. Güman ki, 3-4 komandanın həftənin istirahət günləri qonaq qəbul etməsi
çətin olmaz. Həm də nəzərə alaq ki, Gəncə kimi böyük şəhərdə ideal vəziyyətdə olmasa belə
başqa stadionlar da var. Soyunub-geyinmə otaqlarına və meydana əl gəzdirməklə problemi həll
etmək olar.
“Akademiyamız Binədə Aviasiya Akademiyasının yerləşir. Sözügedən liqalarda turlar şənbə-
bazara salınsa, o halda ehtimal var ki, bu yaş qruplarında hər 3 komandamız həftəsonu evdə
oynasın. Əslində, oyunların üçü də eyni günə təsadüf etsə belə, keçirmək imkanlarımız var.
Amma bu, digər yaş qrupu komandalarımızın məşq prosesinin pozulmasına səbəb olacaq.
Təsəvvür edin ki, oyunlar ancaq şənbə gününə salınsa… Həmin gün 6 ayrı-ayrı yaş qrupumuzun
məşqi var”. Bu sözlər “Zirə”nin Futbol Akademiyasının rəhbəri Adil Şükürova məxsusdur.
Oyunların dərs günlərinə düşməsinin tərəfdarı olmayan Adil müəllim vəziyyətdən çıxış kimi
AFFA-nın köməyinə ehtiyaclarının olduğunu söylədi: “Federasiya heç olmasa, oyunların birini
səfərə salmaqla bizə dəstək olsa, problem həllini tapar. Məsələn, U-15 və U-16 evdə
oynayacaqları halda, U-17 səfərə çıxsın. Və ya əksinə”.
“Sumqayıt”ın baş meneceri Ceyhun Sultanovun məsələ ilə bağlı fikri digərlərindən bir qədər
fərqli oldu. Ceyhun müəllim bütün liqalarda oyunların həftənin istirahət günlərinə salınmasının
onlar üçün problem yaradacağını bildirdi: “Aşağı yaş qruplarının, əvəzedici, gənclər və əsas
komandanın hamısının oyunları, 1 meydanımız var, orada keçirilir. Hesab edək ki, əsas komanda
şənbə günü qonaq qəbul edir. Həmin gün hansısa başqa komandamızın oyununun evdə
keçirilməsi alınmır. Çünki əsas komandanın oyunu olan gün stadionun bütünlüklə onların
sərəncamında olmasının tərəfdarıyam. Digər tərəfdən əsas komanda şənbə günü oynasa, ertəsi
gün meydan əvəzedicilərin sərəncamında olmalıdı. Əsas və əzəzedicilərin oyunları şənbə-bazarkeçirilməsə və ya səfərdə oynasaq belə, çətinliklər bununla bitmir. Bir gündə meydan
yüklənməsin deyə, ora uzağı 2 oyunun salınmasının tərəfdarıyam. Hələ əsas komanda da daxil
olmaqla komandaların məşqlərini demirəm. Cəmi bir meydanımız var. Onu da bu qədər
yükləmək düzgün olmaz”.
Nəhayət, “səkkizliy”in son üzvü “Keşlə” necə, bütün liqalarda oyunları həftəsonu qəbul etməyə
qadirdimi? 2-3 il əvvələ kimi bu suala əminliklə “hə” cavabı vermək olardı. Çünki o vaxt əsas
meydandan savayı klubun balansında daha 3 meydan var idi. İndi onlardan biri bərbad
durumdadır, digərinin yerində mini-futbol meydançaları salınıb. Qalır 4-cü meydan. Ötən il
soyunub-geyinmə otaqlarında əsaslı təmir işləri aparılsa da, ot örtüyü arzuolunan vəziyyətdə
deyil. Problem təkcə bunda deyil. Akademiyanın bütün yaş qrupları demək olar ki, məşqləri və
oyunları həmin 4-cü meydanda keçirirlər. Həftəsonu 3 liqa ilə yanaşı, gənclər komandasının da
oyunu evə təsadüf etsə, digər komandaların məşqlərini ləğv etməklə oyunları pis-yaxşı təşkil
etmək olar. Amma bir məqamı da diqqətdən qaçırmayaq – 4-cü meydan təkcə akademiyanın
komandalarının deyil, arada başqa komandaların da sərəncamında olur. Üstəgəl, “Sabahın
ulduz”ları da gözlərini ora dikiblər.
Son söz əvəzi
Göründüyü kimi liqalarda oyunların həftəsonu keçirilməməsinin günahkarları bəzi klublardır.
Əsas problem meydan çatışmazlığıdır. Yazının əvvəlində qeyd etdiyimiz kimi, bəzi klubların heç
özlərinin meydanı yoxdur, yaxud 1 meydanın ümidinə qalıblar. Vəziyyətdən çıxış yolu klubların
öz infrastrukturlarına əl gəzdirmələridir. Əks təqdirdə, “Bəyin oğurlanması” filmində deyildiyi
kimi, indi belə çıxır ki…
…İndi belə çıxır ki, biz futbolçu yox, fəhlə yetişdiririk. Birdə ki, fəhlə olmaq yox, savadsız fəhlə
olmaq ayıbdır.
İlqar TAĞIYEV
“Het-trik news”qəzet