“Zirə”ni, Rəşad Sadıqovu təbrik edirəm. Çox yaxşı, baxımlı oyun oldu. Nəsə işlərimiz düz getmir. Amma mən bunu normal qarşılayıram. Biz geri dönəcəyik. Komandanı hər oyuna tam istədiyimiz kimi hazırlaya bilmirik. 3-4 gündən bir oyunlarımız olur. Bəzi futbolçular çoxdandır oynamırdı, bu gün 90 dəqiqə meydanda oldular. Səhvlərimiz var. Bunu danmırıq. “Zirə” layiqli qələbə qazandı. Qarşıdakı oyunlara hazırlaşacağıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə” məğlubiyyəti (2:3) sonrası deyib. O, daha sonra matçda beş əvəzetmədən istifadə etməsi barədə danışıb:
“Bəzi oyunçuların hazırlığı istədiyimiz səviyyədə deyil. Bu gün əslində Benzia ilə Zubiri meydana buraxmaq istəməzdim. Onların istirahətə daha çox ehtiyacı var. Futbolda belə hallar olur. Çatışmayan cəhətlər var, yəqin səhvlərimiz çoxdur. İnşallah qayıdacağıq”.
Qurbanov son günlərdə Yassin Benzianın klubdan ayrılacağı iddialarına “bunlar doğru deyil, Benzia komandadadır” deyə, bildirib.