“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev klubun rəsmi saytına müsahibə verib.
– Birinci dövrə başa çatdı. “Araz-Naxçıvan”ın çıxışını necə dəyərləndirirsən?
– 14 xal topladıq, aktivimizdəki xalların sayı çox da ola bilərdi. Mövsümün startına az vaxt qalmış toplaşsaq da, oyunumuzla və nəticələrimizlə diqqətləri cəlb edə bildik. Əksəriyyət üçün maraqlı idi ki, bu komanda necə çıxış edəcək, nəyə qadir olacaq…Autsayderlər sırasında öncüllərdən hesab olunurduq. Ancaq oyunlar bu düşüncələri darmadağı etdi. Qeyd etdiyim kimi, xoş təəssürar yaratdıq. Bunun üçün də hər oyunda əlimizdən gələnin ən yaxşısını etdik. Oyundan oyuna artırdıq, nəticələrimiz də müsbət qrafik üzrə hərəkət etdi. Fikrimi yekunlaşdırım, I dövrə bizim üçün yaxşı keçdi.
– 9 oyundan hansında itirilən xallara görə təəssüflənirsən?
– Əslində, baş məşqçi bizdən bütün oyunlarda maksimum xal toplamağı istəyirdi. Rəqibin gücünə görə xal tələbi dəyişmirdi. Meydana çıxmışıqsa, udmalıyıq. Ancaq elə matçlar oldu ki, 90 dəqiqə ərzində aşkar üstünlük bizdə olsa da, bunu hesaba daşıya bilmədik. “Səbail”lə görüşə görə çox təəssüflənirəm. Xüsusilə də birinci hissədə oyuna tam nəzarət bizdə idi, azı 3 real qol epizodunu qaçırdıq. Əvəzində matçın sonuna yaxın məğlub duruma düşdük.
– Turnir cədvəlindəki mövqeyi qorumaq mümkün olacaqmı?
– Buna ümidimiz böyükdür. Dürüst olsaq, məşqlərdə verilən tapşırıqları oyunlarda icra edə bilsək, niyə də mümkün olmasın… Biz düzgün hərəkət etsək, nəticələrimiz də yaxşılaşacaq.
– Fasilədən sonra ilk sınaq “Qəbələ”yə qarşı olacaq. Mövsümdə ilk qələbəmizi qazandığımız bu rəqiblə ikinci dueldən nə gözləyirsən?
– Baş məşqçi oyun ərəfəsində tapşırıqlarını verəcək. Ancaq meydana çıxırıqsa, rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmalıyıq. Hər zaman deyirəm ki, biz meydanda maksimumu edək, nəticəni Allah verəcək. Dildə yox, əməldə rəqibdən istəkli olmalıyıq.
– Yeri gəlmişkən, “Sabah”la oyunda da qələbəni sona yaxın əldən verdiniz. Hesabdakı üstünlüyü niyə qoruya bilmədiniz?
– Oyun kifayət qədər ağır keçdi. “Sabah” bu gün Premyer Liqada ən güclü heyətə malik, yaxşı futbolçulardan qurulmuş 2-3 klubdan biridir. Keyfiyyətli oyunçular olan yerdə ustalıq hər an sözünü deyir. Bu cür komandalar öz meydanında hesabda geri düşəndə daha təhlükəli olur.