Konfrans Liqasının ikinci təsnifat mərhələsinin “Aris” – “Neftçi” matçından əvvəl keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Laurentsiu Regekampf iştirak edib.
Sportal.az xəbər verir ki, rumıniyalı mütəxəssis sabahkı görüşlə bağlı danışıb:
“Sabah bizim üçün çox vacib oyundu. İlk rəsmi oyunumuza çıxacağıq. Ağır təlim-məşq toplanışı keçmişik. Düşünürəm ki, komandamız sabah çox yaxşı oyun nümayiş etdirəcək. İnanıram ki, növbəti mərhələyə adlamaq üçün böyük addım atmış olacağıq. Sabahkı oyunun heyətini indidən sizə deyə bilmərəm. Toplanışda çox şeyləri nəzərdən keçirmişik. Ən yaxşı onbirliyi seçmək istəyirik. Elə oynamalıyıq ki, rəqiblər bizə qol vurmaqda çətinlik çəksin. Söhbət təkcə müdafiə xəttindən getmir, bütün heyətdən gedir. Komanda şəklində müdafiə olunmağı öyrənməliyik.
– 10 il əvvəl “Neftçi” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarix yazıb. “Qarabağ” da Kiprdə uğurlu nəticələr qazanıb. Bu nəticələr barədə fikriniz necədi?
– Keçmişdə nələrsə baş veribsə, önəmli deyil. Önəmli olan sabah burada nəyin baş verməsidi. “Aris” çox yaxşı heyətə malikdi. Çox sayda legionerləri, keyfiyyətli oyunçuları var. Yaxşı da baş məşqçiyə sahibdirlər. Aqressiv futbol oynayırlar. Uzun müddətdir ki, birlikdədilər. Ona görə də hansısa problemi aradan qaldırmaq onlar üçün daha asandı. Sabah heç də asan oyun olmayacaq. Oyunçularım “Aris”in müsbət cəhətlərini bilirlər. Sabah görəcəksiz ki, onlar yüksək, aqressiv pressinq tətbiq edəcəklər. Fiziki cəhətdən çox yaxşı hazırlıqlıdılar. Sabah “Aris” evdə oynayır, azarkeş amili də onlara kömək olacaq. Buna baxmayaraq, öz komandama inanıram. Əlbəttə ki, pozitiv nəticə xeyrimizə olacaq. Çünki evdə daha bir oyunumuz var. Bura oynamağa gəlmişik. “Aris”ə hörmətlə yanaşırıq. Bura sərfəli nəticə üçün gəldiyimizi gizlətmirik.
– Qısa müddətdə istədiklərinizin təxminən neçə faizini reallaşdıra bilmisiz?
– Bu, o qədər də önəmli deyil. Futbolçulara mesajım açıq-aydındı. Mən və məşqçi heyətim hər gün oyunçularla çalışırıq. Bu müddət ərzində çalışmışıq ki, öz futbol düşüncəmizi tətbiq edək. Amma bilirsiz ki, az vaxtımız var idi. Eyni anda da fiziki sarıdan onlarla işləmək lazım idi. Bəzi oyunçular bizə gec qoşuldu. Mənə elə gəlir ki, bir az daha çox vaxta ehtiyacımız var. Ki, bütün istədiklərimi oyunçulara tətbiq edim və onlardan ala bilim bunu.
– Avrokuboklarda təcrübəniz çox olduğuna görə də, sizdən uğurlu nəticələr gözləyirlər. Bu necə sizdə təzyiq yaradır?
– Vacib amildi. Çünki beynəlxalq oyunlarda təcrübəm var. Çalışıram ki, bildiklərimin hamısını futbolçularıma çatdırım. Amma meydanda oynayan onlardı. Yəni, məsuliyyəti onlar üzərinə götürməlidi. Çox təcrübəli oyunçularımız var. Sabahkı oyundada bu təcrübə bizə lazımdı. Birlikdə və komanda şəklində oynamaq çox vacibdi.
– Topu rəqibə verib əks-hücumda oynayacaqsınız? Daha dəqiq desək, sabah özünüzü qonaq kimi aparacaqsınız, yoxsa “Baksell Arena”dakı kimi?
– Yaxşı sualdı. Düzgün vurğuladınız hər şeyi. Oyunun hər bir epizodu üçün yaxşı taktika seçməliyik. Bizim planımız var. Amma oyunun gedişində hər şey dəyişə bilər. Hər oyunun dinamikası qurduğun taktikanı dəyişə bilər. Sabah yaxşı oyun nümayiş etdirməyə çalışacağıq. Bayaq dediyim kimi, komanda kimi oynamalıyıq.
– “Qaziantep”lə oyundan sonra demişdinzi ki, son nöqtəni qoymaqda problem var. Bu oyunda da belə problem olmayacaqki?
– Fikirlərim həmin oyuna məxsus idi. Çünki bir neçə qol epizodundan yararlana bilməmişdik. Bu da normaldı. Çünki oyunçular yorğun idilər. Toplanışın son oyunu idi. Özünüz də bilirsiz ki, toplanışın son oyunlarında konsentrasiya əvvəlki günlərdəki kimi olmur. Amma çatışmayan cəhətlər üzərində işləyərək, problemi aradan qaldırmağa çalışmışıq. Oyunçularla danışmışıq və məlumat vermişik ki, topu cərimə meydançasına necə gətirib çıxarsınlar. Ondan sonra hər şey futbolçunun keyfiyyətindən asılı olan məsələdi. Əminliklə deyə bilərəm ki, bizdə belə keyfiyyətli oyunçular var.