08 Sentyabr 2024
Ölkə futbolu

Bojoviç: “Hazırda “Qarabağ”ı düşünməyə vaxtımız yoxdur”

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Neftçi” – “Sumqayıt” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Miodraq Bojoviç jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.az məlumat verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Oyuna yaxşı başladıq. Bir neçə epizodumuz var idi. Eyni zamanda, rəqib də yaxşı oyun göstərdi. Onlara qibtə etməkçün səbəblər var idi. VAR-la bağlı bir neçə situasiya oldu və bu, oyunun tempini azaldırdı. Azarkeşlər üçün də ikinci hissə maraqlı keçdi. Bizimçün narahatverici idi, qol buraxsaydıq, əlavə vaxta ehtiyac olacaqdı. Yaxşı ki, qol buraxmadıq və mərhələ adladıq. “Forza Neftçi”ni 15 yaşı münasibətilə təbrik edirəm. Bu gün bizimlə idilər və ciddi dəstək göstərdilər.

– Lukas Melano neçə oyundur, ehtiyatda qalır. Bu, nə ilə bağlıdır?
– Melano çoxdandır, zədəli idi. İndi fiziki durumunu bərpa edir.

– Hücumda ciddi problemlər var. Amma əvəzedici komandada oynayan Ağadadaş Salyanski hər oyun qol vurur. Ona şans vermək olmaz?
– Ağadadaşa diqqətlə baxacağıq. Əsas heyətlə cəlb edilməsi ilə bağlı düşünəcəyik.

– “Sumqayıt”ın baş məşqçisi çempionatda sizi məğlub etdikdən sonra qələbəni futbolçulara bağladı. Düşünürəm ki, “Neftçi” elə motivasiya olmalı idi ki, rəqibini məhv etməli idi. Amma oyunun sonlarında oyunçuları vaxt aparan “Neftçi” gördük…
– Kubok oyunları elədir ki, cəmi 1-2 matçınız olur və əsas olan mərhələ adlamaqdır. Oynadığımız oyun ürəyimcə deyil, daha yaxşısını istəyirəm. Ancaq düşünürəm ki, bu gün mərhələ adlamağa layiq idik. Oyunu diqqətlə izlədinizsə, oyunda qeyri-müəyyən məqamlar var idi.

– Kuboku qazanmaq şanslarınızı necə dəyərləndirirsiniz?
– Kubokda hər şey mümkündür. İnanırıq ki, yaxşı nəticə əldə edə bilərik. Görək, necə olacaq. Hazırda “Qarabağ”ı düşünməyə vaxtımız yoxdur.

– Oyundakı qeyri-müəyyənlik nə ilə bağlı idi?
– Diqqətli şəkildə oyuna baxdınızsa, sizə aydındır. Bu haqda mən danışmamalıyam.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43