Ölkə futbolu

Böyük dərd üçün kiçik QEYD

Çox danışıldı, yox yazıldı, faydası olmur ki, olmur. Bir klub azarkeşini tribunaya gətirmək üçün nə etməlidirsə bunu ən yaxşı, ən ideal formada həyata keçirir. Söhbət Avropa Liqasında ölkəmiz təmsil edən "Qəbələ"dən gedir.

Tarixində ilk dəfə Avropa Liqasında vəsiqə qazanan komanda öz azarkeşlərindən laqeyd münasibət görməkdədi. Sərgilədiyi futbol, göstərdiyi nəticələrə rəğmən "qırmızı-qaralar"ın tək əksiyi azarkeşdi. Rəqibləri ilə başabaş mübarizə aparan, Avropa Liqasının cari mövsümündə keçirdiyi ev oyunlarında ("Borussiya" xaric) heç bir rəqibinə boyun əyməyən, qapısından 1 top belə buraxmayan şimal klubu daxili çempionat bir yana, avrokubok matçlarında da dolu tribuna üzünə həsrətdi. Maraqlıdı, görəsən laqeyidliyin fonunda nə gizlənir? 

Qəbələyə səfərlərim çox olub. Mən bu səfərlərin heç birində cəmi tamaşaçı tutumu 4 min olan Qəbələ şəhər stadionunun ağzına kimi dolduğunu görmədim. Havanın istisində də görmədim, soyuğunda da. Nəticə üçün alışıb-yanan azarkeşlər yenə TV-dən oyun izləməyi üstün tutdular. Halbuki klub azarkeşləri stadiona cəlb etmək üçün müxtəlif viktorinalar keçirir, pulsuz biletlər paylayır, onların təhlükəsizliyini yüksək təmin edir. Bu belə faydasız qaldığında sual üstünə sual gəlir. Başqa nə etmək lazımdı?

Futbol ölkəsi kimi formalaşmadığımızın fərqindəyəm. Ancaq bu ölkənin futbolunu sevən yüzminlərlə adam var. Onların içərisində də kifayət qədər "Qəbələ"sevər var ki… Yoxdu! Formal olaraq var, ancaq sadəcə adı sevgidi. 

Bu sevginin isbatı olmalıdı. Sübut etməlisən ki, sən komandanı ən pis günündə, ən yaxşı günündə də yanındasan. O futbolçular sənin qayğını, dəstəyini hiss etməlidir. Həmin futbolçuları boş tribunalar qarşısında buraxıb sadəcə pula görə oynamağa vadar etməməlisən. O rənglərə bağlılıqını sadə bir yolla isbatlamaq şansına malikkən bunu heçə sayırsansa o zaman sən klubun sadəcə "facebook"dakı rəsmi səhifəsinin "like"çilərindən birisən.

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43