21 Dekabr 2024
Kateqoriyasız

Böyükağa Hacıyev: “Dediyim sözün ağasıyam, dediyimi etməsəm, ürəyim partlayar” – MÜSAHİBƏ

“Neftçi”nin sabiq baş məşqçisi, hazırda prezident Sadıq Sadıqovun müşaviri postunda çalışan Böyükağa Hacıyevin müsahibəsi 

“Neftçi”nin oyunlarına kənardan baxmaq necə hissdi?

 – Çətindi, çox çətin. İki il bu komandanı çalışdıran, müxtəlif uğurlara nail olan məşqçi üçün asan ola bilməz. Hardasa, adama ağır gəlir. Ancaq digər tərəfdən sevincliyəm. Əvvəla ona görə ki, “Neftçi” kimi doğma komandadan uzaqlaşmamışam, başqa vəzifədə – prezidentin müşaviri kimi çalışıram. Digər tərəfdən, sevdiyim bəzi insanların yanındayam. Bunun özü mənim üçün böyük işdi. Ən vacibi odu ki, baş məşqçinin kimliyindən asılı olmayaraq, komanda uğur qazansın, klub rəhbərliyinin, “Neftçi”sevərlərin üzünü güldürsün. 

– Baş məşqçi olmaq asandı, yoxsa azarkeş? 

– Əlbəttə, azarkeş olmaq. Bilirsiz, azarkeş daha çox 90 dəqiqə ərzində, ola bilsin, oyundan bir gün əvvəl, ya da sonra həyəcan içində olur. Futbol qurtarandan sonra yenə öz işi ilə məşğul olur, fikri yayınır. Ancaq məşqçi qazandığın nəticədən asılı olmayaraq, gecə-gündüz çalışır, zəhmət çəkir. Udanda futbolçuların arxayınlaşmasının qarşısını almalıyıq, uduzanda səhvləri aşkarlamalı, bunlardan nəticə çıxarmalıyıq. Ona görə də baş məşqçinin işi olduqca məsuliyyətli və çətindi. 

– “Neftçi”nin 4 turdakı oyunları canlı izləmisiz, yoxsa televizor önündə? 

– Stadionda olmamışam, şükürlər olsun ki, texnologiya inkifaş edib, futbola böyük maraq var. Və bunun sayəsində oyunlara televiziya vasitəsilə baxa bilirik. 

– Stadiona getməməyinizin xüsusi səbəbi var? 

– Xüsusi səbəb bilirsiz nədi? Televizorda epizodları dəfələrlə təkrar göstərirlər, bundan başqa, mübarizə anlarını, mübahisəli vəziyyətləri görmək asandı. Bunlara baxıb nəticə çıxarmağa çalışıram. Oyunu təhlil etmək televiziya vasitəsilə daha rahatdı. 

– Müşavir kimi işiniz nədən ibarətdi? Hansı məsuliyyəti daşıyırsız? 

– Klub prezidenti əsas komanda da daxil olmaqla, bütün yaş qrupları üzrə komandaların çıxışı haqda rəyi məndən soruşacaq. Çatışmazlıqları üzə çıxarmalı, bu haqda rəhbərliyi məlumatlandırmalıyam. 

– Baş məşqçi olanda boş vaxtınız olmurdu. Məşqlər, oyunlar, futbolçularla söhbət istər-istəməz zaman aparırdı. Bəs indi asudə vaxtlarınızda nə edirsiz? 

– Müalicəyə daha çox zaman ayırıram. Vaxtilə Lobanovski, Beskov kimi mütəxəssislərin haqqında oxuduqlarımı yenidən təkrarlayıram. Bundan başqa, “Neftçi”də iki il ərzində gördüyüm işləri hərtərəfli təhlil edirəm, səhvlərimi araşdırıram. Qul xətasız olmaz, insan da səhvsiz. Mütləq ki, mənim də səhv buraxdığım anlar olub. İndi həmin nöqsanlardan nəticə çıxarmaq istəyirəm. 55 yaşım olsa da, futbolda deyə bilmədiyim sözlər var. 

– Maraqlıdı, ardıcıl iki dəfə çempion olan, ölkə kubokunu qazanan, “Neftçi”nin Avroliqanın qrup mərhələsinə daşıyan məşqçi bundan sonra nə demək istəyir? 

– İnşallah, vaxt gələr bunu öz işimlə sübut edərəm. Vəd vermək, indidən boğazdan yuxarı danışmaq lazım deyil. O vaxt “Bakı”dan ayrılanda da “futbolda sözümü tam deməmişəm” ifadəsini dilə gətirmişdim. İllər keçdi, işsiz qaldığım vaxtlar oldu və “Neftçi”də böyük uğurlara imza atdıq. Allah qismət etsə, bundan sonra daha artığını etmək istəyirəm. 

– Söz verdiz və getdiz. Sizcə, getməliydiz?

– Verdiyim qərar yerində və ədalətli idi. Başqa cür ola da bilməzdi. Mən istefa verməklə özüm-özümü cəzalandırdım. 2011-ci ilin yayında “Space” telekanalındakı verilişdə Arif Əsədova mesaj göndərmişdim. Əsədov “istefa zəiflik əlamətidi” deyəndə, mən ona “xeyr, istefa əsl kişilik əlamətidi” cavabını vermişdim. Dediyim sözün ağasıyam, dediyimi etməsəm, ürəyim partlayar. “Skenderbu” səddini aşmalıydıq, bunu bacarmadıqsa, deməli, günah sahibiyəm. 

– İstefanızdan sonra futbolçular sanki “dirilib”, indi daha gümrah və şən görünürlər. Şübhələnməyə dəyər? 

– Futbolçudan heç bir şübhə yerim ola bilməz. Ola bilsin, həmin vaxt yorğun idilər, “yüklənmişdilər”, indi yavaş-yavaş özlərinə gəlirlər. Bir az sərt, hardasa, kobud insanam, sözü üzə deməyi xoşlayıram. Bütün bunlara baxmayaraq, bilirəm ki, məni sevməyən futbolçu yox idi. Ona görə onların heç birindən şübhələnmirəm. 

– “Skenderbu” səddini aşmamaqda baş məşqçi kimi səhviniz nədən ibarət idi? Özünüzü nədə günahkar bilirsiz? 

– Avstriyadakı təlim-məşq toplanışında komandanı qədərincə yüklədim. Düşündüm ki, itirilən gücü 10 gün ərzində qaytara bilərik. Bax, orda böyük səhvə yol verdim. Vaxt məhdudiyyəti oldu, çox yox, 7-10 gün artıq zamanımız olsaydı, tam başqa komanda görəcəkdiz. Fiziki hazırlıqla bağlı verilən yükləmələrlə fiziki keyfiyyətin qayıdışını düzgün hesablamamışdım. Çıxışımızda bunun böyük rolu oldu, məsuliyyəti üzərimdən ata bilmərəm. Yeni transferlərin düşərgəyə gec gəlməsi də, müəyyən mənada sözünü dedi. Onların uyğunlaşması vaxt aparmalı idi. 

– Hər məşqçinin özünün məşq üslubu, oyun dəsti-xətti var. Sizcə, Tərlan Əhmədov “Neftçi”yə yeni nə gətirib, nəyi dəyişə bilib?

 – Tərlan Əhmədovun işini müzakirə etmək fikrim yoxdu. İki il köməkçim olub, həmin vaxt ərzində mənim məşqlərimdən nəsə qazanmayıbsa, bundan sonra nəsə demək lazım deyil. Yaşına baxmayaraq, Əhmədovun kifayət qədər məşqçilik təcrübəsi var, inanıram ki, özündə güc tapıb “Neftçi”ni çempion edəcək. 

– Bu, bir az çətin görünür. Əvvəla, Əhmədov baş məşqçi kimi kifayət qədər təcrübəsizdi, digər tərəfdən, iddialı rəqiblər xeyli güclənib. Bu mənada “Qarabağ” daha çox fərqlənir. Tərlən bəy postundan uzaqlaşdırılsa, müşavir kimi hansı yerli məşqçinin namizədliyini irəli sürəcəksiz? 

– Məndən asılı olan iş deyil. Çünki belə məsələlərlə Sadıq Sadıqov məşğul olur, onun işinə müdaxilə edə bilmərəm. Prezident mənə bu sualla müraciət etməyib. Nə vaxt soruşsa, cavab verməyə çalışaram. Hələ ki, Tərlan Əhmədov baş məşqçi vəzifəsindədi. Arzu edirəm ki, özünü artıqlaması ilə sübut edib, postunda qalsın. Bir məşqçi ki, “baş məşqçi işləməyə hazıram” deyir, deməli, öz gücünə güvənir. 

– Bir müddət öncə Rusiya klublarının birinin sizinlə maraqlanması deyilirdi. Hətta bununla bağlı Moskvada olmağınızla bağlı xəbərlər dolaşırdı. Nəticə var? 

– İstəsəm, günü sabah gedərəm. Ancaq bugün sözün əsl mənasında istirahətə ehtiyacım var. Sadıq müəllim sağ olsun, mənə futboldan uzaqlaşmamaqla yanaşı, dincəlmək üçün imkan yaratdı. Bu iki il məni çox yordu, bir az da keçsəydi, tükənəcəkdim. İndki məqamda bacardığım qədər yorğunluğu üzərimdən atmağa çalışıram. Mən ya işləyirəm, ya da heç işləmirəm. Baş qatan adamlardan deyiləm. Bugün də “Neftçi”nin uğur qazanmasını istəyirəm və bunun üçün çalışıram. Bu komandada çalışan məşqçilər, futbol oynayan futbolçular həftədə bir dəfə klub prezidentinə və azarkeşlərə sevinc bəxş etməyə borcludu. Başqa cür ola bilməz. 

– İlin sonunda Berti Foqtsun millidən ayrılacağına şübhə yeri qalmayıb. Onun əvəzinə çox güman, yerli mütəxəssis cəlb olunacaq. Özünüzü yığmanın “sükanı arxasında” görürsüz? 

– Mənim sənətim məşqçilikdi. Sabah millidən, yaxud hansısa klubdan dəvət alsam, bunu dəyərləndirməyə sadəcə, borcluyam. Ancaq bir şərtlə: ilk növbədə hər zaman yanımda olan, məni həyata qaytaran, bir can borclu olduğum Sadıq Sadıqovun halallığını almalıyam, onunla məsləhətləşməliyəm. Gizlətmirəm, yığmadan təklif olarsa, bunu dəyərləndirməyə çalışaram. Millidə çalışmaq zarafat deyil. 8 milyonun və ölkə başçısının qarşısında məsuliyyət daşımalıyam. İlk növbədə özümə “mən bu yükü darta bilərəmmi” sualını verməliyəm. Bəzi məşqçilər müqavilə imzalayanda sabahı fikirləşmir, “nə olar-olar” deyib işə başlayırlar. Mən isə illərlə yığdığım reytinqi bir anda yerə vura bilmərəm. Azərbaycanlı futbolçuların psixologiyasına və bacarığına bələdəm, buna görə də gizlətmirəm, milli mənə tapşırılsa, 6 aydan sonra fərqli komanda və nəticələr görəcəksiz. 

– Məşqçilər arasında açıq fikirli, sözü üzə demək bacarığı ilə seçilən, hətta PFL prezidenti Ramin Musayevə hədə mesajı göndərən məşqçi məhz siz idiz. İndiki həmkarlarınızın arasında davamçınız kimdi? 

– Kimin acığına gəlirsə gəlsin, kim istəyir qəbul etməsin, açıq deyəcəm. Böyükağa Hacıyev kimi sözünü deyə bilən məşqçi elə Böyükağa Hacıyevdi. İkinci belə adam görmürəm, beləsı yoxdu. Əmin olun, yaxın 10 ildə də olmayacaq.

 “Futbol+”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43