“Bu mövsüm “Qarabağ”ın Avropa Liqasındakı oyunlarına nəzər salsaq, komandanın rəqiblərindən daha üstün oynadığını görərik. Sadəcə imkanlardan istifadə edə bilməmək çətinlik yaratdı. Bunun da səbəblərindən biri yerli oyunçuların həddindən artıq yüklənməsidi. Çünki onlar həm çempionatda, həm millidə, həm də avrokuboklarda mübarizə aparırlar. Zədəli futbolçuların olması da komandanın çıxışına təsir edir”.
Bu sözləri İdmanxeber.az saytına “Zirə”nin sabiq baş məşqçisi Zaur Həşimov “Qarabağ”ın “Elfsborq” məğlubiyyəti və cari mövsüm avrokuboklardakı çıxışı barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Vacib amil odur ki, “Qarabağ” bütün rəqiblərə qarşı qol epizodları yarada bilir. Amma bundan istifadə etmək lazımdı. Məncə, bu səviyyəyə görə deyil. Çünki hücum xətti ötən mövsüm çıxış edən futbolçulardı. “Braqa”ya, “Bayer”ə qollar vuran futbolçular səviyyə baxmından əziyyət çəkə bilməz. Sadəcə bu, futboldu, bəzən belə hallar olur. Ancaq əlbəttə ki, heyət daha geniş olsa, üstünlükdü. Bu mövsüm zədəlilər də çox oldu. Bütün bunları nəzərə alanda komandanın zəiflədiyini demək olar”.
Həşimov “Qarabağ”ın artıq bu nəticələrə doyduğu və Qurban Qurbanovun yorulduğu iddialarını isə belə cavab verib:
“Qurban Qurbanovun nəinki “Qarabağ”a, bütün ölkə futboluna sərf edəcək enerjisi var. Sadəcə onu bu işdə dəstək vermək lazımdı”.
Həsən Quluzadə