Millimizin baş məşqçi postuna namizəd olan xorvatiyalı Nikola Yurçeviç Premyer Liqanın 16-cı turu çərçivəsində “Sumqayıt” – “Qarabağ” görüşünü izləyir. 52 yaşlı mütəxəssis matçın fasiləsində Futbol11.az saytına müsahibə verib.
– Azərbaycanda ilk oyunu izləyirsiniz. Fikirləriniz necədir?
– Düz vurğuladınız ki, Azərbaycanda ilk dəfə oyuna baxıram. Onu deyə bilərəm ki, “Qarabağ” “Sumqayıt”dan yaxşı oyun göstərir. İlk hissənin nəticəsi oyuna görədir.
– Rəsmən millimizin baş məşqçisi olmaq üzrəsiniz. Azərbaycan futbolu ilə maraqlanırsınız?
– Məlumatım kifayət qədərdir. Başqa çalışdığım yerlərdə Azərbaycan millisinin oyunlarını izləmişəm. İkinci dəfədir Azərbaycandayam. Kifayət qədər məlumat yığmışam. Azərbaycana bağlılığı olan məşqçilərdən hər şeylə maraqlanmışam. Robert Prosineçki və onun köməkçisiylə danışmışam.
– Belə məlumatlar var ki, millinin baş məşqçisinin qarşısına AÇ-2020-nin final mərhələsinə vəsiqə qoyulub.
– Bu barədə federasiya ilə söhbətimiz olmayıb. Məqsədimiz oyundan oyuna artırmaq və daha yaxşı oyun nümayiş etdirməkdir.
– Zaman çox azdır. Oyun fəlsəfənizi millimizə aşılaya biləcəksiniz? Planlarınız necədir?
– Kifayət qədər millidən məlumatlıyam. Xorvatiya yığmasını da yaxş tanıyıram, çünki vətənimdir. Çox danışmaq istəmirəm, çünki heç nə rəsmiləşməyib.
– Təlim-məşq toplanışı üçün planınız var?
– Ağlımda hansısa fikirlər var. İstəyirəm hər şey dəqiqləşsin. İndi demək çox tezdir.
– Deyilənə görə, Azərbaycana xeyli yüklə gəlmisiniz. Bu da o deməkdir ki, baş məşqçi postuna təyin ediləcəksiniz.
– Hər şey pozitivdir. Gözləmək lazımdır. (Futbol11.az)