Müsahibə Ölkə futbolu

“Bu çətin dönəmdən üzüağ çıxmalıyıq” – “Kəpəz”in futbolçusu

“Kəpəz” Misli Premyer Liqasının XXIII turunda “Şamaxı”nı 3:2 hesabı ilə məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, Gəncə klubunun hücumçusu Fərid Nəbiyev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə görüş barədə fikrini bildirib:

“Oyun çox gərgin keçdi. İki dəfə önə keçsək də, rəqib hesabı bərabərləşdirə bildi. Ancaq sonda qələbə topunu vuran biz olduq. Bizim üçün olduqca vacib qələbədir. Azarkeşlərimizin önündə xeyli vaxtdır qələbə qazana bilmirdik. Çox şükür ki, bu səfər bunu bacardıq.

-Səncə, bu oyunla bərabər komandada qələbə seriyası başlayacaq?

-Əlbəttə, qarşıdakı görüşlərdə də maksimum xallar toplamaq istəyirik. Çünki bəzi oyunlarda adi səhvlərdən çox xallar itirdik. Bizim oyunumuz indiki mövqeyimizə layiq deyil. Daha yuxarı pillərlərdə qərarlaşmalıyıq. Ancaq bu qələbə qarşıdakı “Sumqayıt” və digər oyunlar üçün motivasiyadır.

-“Kəpəz” evdə yaxşı çıxış etsə də, səfərdə vəziyyət fərqli olur. Bunun səbəbi nədir?

-Məncə, azarkeş amili çox böyük rol oynayır. İstəyirik ki, onların qarşısında məyus olmayaq, yaxşı nəticə qazanaq. Səfərdə də bu niyyətlə meydana çıxırıq. Həmin görüşlərdə də qələbə qazanmağa başlamalıyıq.

-Komanda Premyer Liqada qala biləcək?

-Bunun üçün çalışırıq. Biz sonuncu pilləyə layiq deyilik. Bu çətin dönəmdən üzüağ çıxmalıyıq.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43