Kateqoriyasız

“Bu cür düşüncə ölümcül olardı” – Mahir Emreli

“Populyarlıq baxımından heç vaxt özüm barədə düşünməmişəm. Futbol oynayıram, çünki uşaqlıqdan bu idmanı sevirəm. Hər zaman futbolçu olmaq istəyirdim. Populyarlığımın getdikcə artdığını, daha çox insanın mənə qiymət verdiyini başa düşürəm. Mənə bir dəqiqə vaxt verin, peşəkar oyunçu olmağın minlərlə başqa faydasını tapacağam (gülür). Matçlarda oynamaq imkanı, hər gün məşq etmək və bununla yaşamaq həqiqətən əladır. Dünyanın ən yaxşı işinə sahibəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri millimizin və “Legiya”nn futbolçusu Mahir Emreli “Piłka Nozna” nəşrinə müsahibəsində deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Bir neçə il əvvəl – Azərbaycan millisinə çağırılanadək özüm də bunu qiymətləndirmirdim. 19 yaşım var idi, Robert Prosineçki məni 2018-ci il dünya çempionatının seçmə mərhələ oyunları öncəsi müsahibəyə dəvət etmişdi. Bir az gərgin olduğumu gördü və mənə kömək etmək istədi. Stresimin səbəbini soruşdu. Ona həqiqəti söylədim. Təlim-məşq toplanışında ilk dəfə olduğum üçün əsəbi olduğumu dedim. Onda baş məşqçi bu ifadəni işlətdi: dünyada futbol oynamaqdan daha yaxşı iş yoxdur. Bu sözlər beynimə həkk olundu. Ondan sonra heç vaxt meydana çıxmazdan əvvəl qorxu hiss etməmişəm. Bir söhbət mənim futbola yanaşmamı, düşüncəmi tamamilə dəyişdi. Əminəm ki, bunun sayəsində irəli getməyə davam edirəm. Dünyada futbol oynamaqdan yaxşı iş yoxdur”.

Mahir daha sonra “Komandaya çox yaxşı qoşulduz, Çempionlar Liqası və Avropa Liqasının təsnifat oyunlarında vacib qollar vurduz. Özünüzü “Legiya”nın ulduzu sayırsız?” sualına belə cavab verib:

“Bu faktları bir yerə yığsaq, komandanın ulduzu olduğumu düşünə bilərsiz. Amma bu, sizin fikrinizdir. Mənim beynimdə isə tam başqa şey var. Mənə görə, ən vacibi komandadır. Təbii ki, azarkeşlərin səni dəstəkləməsi, qiymətləndirməsi çox gözəl hissdir. Amma bilirəm ki, daha yaxşı ola və inkişaf edə bilərəm. Özüm haqqında ulduz kimi düşünməyə vaxtım yoxdur. Karyeramın zirvəsi hələ qabaqdadır, ona görə də bu gün özümü ulduz kimi hiss etdiyimi deməyəcəyəm. Bu cür düşüncə ölümcül olardı. Qazandığım uğurlara arxalana bilərdim, amma bu da ehtiyacım olan son şeydir. Hər gün inkişaf etmək, ən yaxşı futbolçu olmaq istəyirəm. Ailəmlə futbol haqqında çox danışıram, hər zaman irəliyə hərəkət etməli olduğumu bilirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43