Milli komandamızın baş məşqçisi Qurban Qurbanov “sports.kz” saytına müsahibə verib.
– Bizi maraqlı oyun gözləyir. Rəqib güclüdür. Klub səviyyəsində bir çox nailiyyətlər qazanan yeni baş məşqçiləri var. İstərdim ki, sabah komandam baxımlı oyun göstərsin və yaxşı nəticə qazansın.
– Bu toplanışa yeni futbolçular dəvət etmisiniz. Sabahkı oyunda debütantlardan hansınısa meydanda görmək mümkün olacaq?
– Bəli, mümkündür. Heyəti dəyişəcəyik. Hətta oyunun gedişində müəyyən dəyişikliklər edəcəyik. Milliyə çağırılan bütün futbolçular şans qazanacaqlar.
– Sizin üçün əsas motivasiya nə olacaq?
– Qazaxıstan millisi oyuna çox ciddi köklənib. Amma biz öz oyunumuzu oynayacağıq. Bu görüşlər Millətlər Liqası öncəsi son sınaqlardır. Biz də bu turnirə ən yaxşı şəkildə hazırlaşmaq istəyirik.
– Qazaxıstan millisinin oyununda hansı üstün və zəif cəhətləri qeyd edə bilərsiniz?
– Rəqibimizin Bolqarıstan və Macarıstana qarşı son iki oyununu izləmişəm. Deyə bilərəm ki, intizamlı oynayırlar, müdafiədən hücuma tez çıxırlar. Bu cür komanda ilə oynamaq asan olmayacaq.
– Qazaxıstanın heyətində ən təhlükəli futbolçu kimi hesab edirsiniz?
– Fərdi qaydada kimisə fərqləndirmək istəmirəm. Oyunçularım Qazaxıstanın üstün tərəfləri barədə bütün məlumatlara sahibdirlər.
– Sabah komandanız meydana yoldaşlıq oyunu olduğunu düşünərək çıxacaq?
– Biz hər oyuna qələbə üçün çıxırıq. Qarşıdakı matç da istisna olmayacaq. Aydındır ki, çoxları Qazaxıstana qarşı ilk dəfə oynamayacaqlar. Bu isə bizim rəqibi tanımağımızdan xəbər verir.