Kateqoriyasız

“Bu dəqiqə avrokubok barədə söhbət getmir” – “Qəbələ” rəsmisi

“Həyəcanlı və gərgin görüş oldu. Qələbə qazandığımıza görə şadam. Futbolçularımızdan bu cür əzmkarlıq və mübariz oyunu gözləyirdik. Elə bunun nəticəsində keyfiyyətli oyunun nəticəsində önəmli qələbə qazandıq. Mövsümün ilk hissəsinin sonuna doğru gedirik. Qələbə çox önəmliydi”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.

Matçdan sonra danışan klub rəsmisi komandasının bu mövsümki çıxışını dəyərləndirib: “Bu mövsümki oyunumuza görə futbolçulara böyük təşəkkür düşür. İşlərinə ciddi yanaşırlar. Futbolçular həm məşqdə, həm oyunda maksimum gücünü qoyur. Sözsüz ki, futbolçuları oyuna hazırlayan məşqçilər korpusu da böyük iş görür. Ötən mövsüm də yaxşı oyunlarımız olurdu, sadəcə sonluğu çatdıra bilmirdik. Halbuki sona 4-5 tur qalmış avrokubok şansımız da var idi. “Sumqayıt” matçından sonra isə şansımız minimuma enmişdi. Ondan sonra komanda enişə getdi. Ötən mövsümlə müqayisədə, bu mövsüm komandada legionerləri saxladıq və daha da gücləndik. Bundan əvvəl isə məcburi olaraq legionerlər gedirdi, başqası gəlirdi”.

Klub rəsmisi “Qəbələ”nin qarşısına avrokuboklara yollanmaq məqsədi qoyulmadığını deyib: “Mövsümün əvvəlində futbol ictimaiyyəti də bilirdi ki, “Qəbələ” üçün avrokubok uğrunda mübarizə aparmaq çətin olar. Ancaq heyətə qatdığımız futbolçulara çox inanırdıq. Sadəcə heyətin kasad olmasına görə, problemin də oradan qaynaqlanacağını düşünürdük. Onu da hazırda yaşayırıq. Mövsümün əvvəlində necə olursa-olsun avrokuboklar üçün oynayırıq kimi, məqsədimiz yox idi. Biz yalnız oyundan-oyuna növbəti matçı düşünürük. Hər oyun bizim üçün ciddidi. Amma bu dəqiqə avrokubok barədə söhbət də getmir. Bizi növbəti oyun maraqlandırır”. (CBC Sport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43