Gözlərin Qəbələdə olduğu matçda nəticə təəccüblü olmasa da, kifayət qədər maraqlı məqamlar var idi. Cari mövsümdə “Qarabağ”dan 9 qol buraxan “Qəbələ” qələbə qazanması bir yana, rəqibindən bir xal belə ala bilsəydi, bəlkə də bu il uduzduğu üç oyunun da heyfini çıxmış olardı. Ancaq bacarmadı.
Sənan Qurbanovun komandası gözlənilənin əksinə yaxşı oyun ortaya qoydu. Geriyə düşməsinə rəğmən hesabı bərabərləşdirdi, hətta önə keçmək üçün imkanlar da yaxaladı. Ancaq bütün bunlar heç bir fayda vermədi. Ümumiyyətlə, “Qəbələ”nin bu mövsümdə “Qarabağ”a qarşı tək zəif cəhəti hazırlıq oldu. Belə ki, komanda heç cür özünü Ağdam təmsilçisini məğlub edə biləcəyini inandıra bilmədi. “Qarabağ” elə mövsümün ilk oyununda “Qəbələ”nin gözünü odunu necə aldısa, komanda bir daha rəqibə qarşı toparlana bilmədi. Düzdür, Bakıdakı və Qəbələdiki ikinci oyunda əyalət təmsilçisi adına müsbət nəsə demək olar. Ancaq nəticə dəyişməz qaldı: dörd oyun, dörd məğlubiyyət.
Sözsüz ki, baş məşqçi amili burda çox yüksək rol oynayır. Əgər bu gün “Qəbələ”nin başında Sənan Qurbanovdan başqa kim olsaydı,”qırmızı-qaralar” tamamən fərqli nəticə ortaya qoyardı. Qurbanovun kənardakı duruşundan belə onun futbolçular üzərində heç bir ağırlığının olmadığı, bu cür qarşılaşmalar üçün motivasiya verə biləcəyi hiss olunmur. Nadir hallarda ortaya qoyulan yaxşı oyun isə komandanın heyətindəki fərdi bacarığı yüksə olan futbolçuların hesabına olur. Hər halda “Qəbələ”nin hazırkı heyəti ilə aid olduğu yer arasında çox fərq var.
Ancaq məsələnin daha bir maraqlı tərəfi var. Çempionluğa digər iddialı bir namizəd olan “Neftçi” “Qəbələ” səfərindən üç xalla dönəcəkmi? Hazırda “ağ-qaralar”ı ən çox düşündürən sual budur. “Qarabağ”ın qələbəsini hamı kimi az-çox onlar da gözləyirdi, ancaq “Qəbələ”nin bu oyunu onları üçün də gözlənilməz olub. Qəbələdəki ilk oyunda 3:1-lik məğlubiyyət yaşayan “flaqman”ın ikinci belə bir nəticəyə dözümü yoxdur. Hər kəs çempionluğun son turda – “Neftçi”- “Qarabağ” matçında bilinəcəyini düşünür. Ancaq “Neftçi”nin son tura qalıb-qalmayacağı hələ də bəlli deyil. “Ağ-qaralar” mövsümün əvvəlindən heç cür stabil çıxış etmədilər. Mövsümü lider kimi gətirsələr də, çempion kimi oynamadılar. Bəs, görəsən yar-yarımçıq bu oyun sona qədər davam edə biləcəkmi? İstənilən halda bu döyüşün “zəif bəndi” “Neftçi” görünür. Sözsüz ki, iş son tura qalsa, hər şey ola bilər. Ancaq kim bilir, bəlkə də elə mövsümün yekunu “Bakcell Arena”da yox, Qəbələdə bilinəcək.
Həsən Quluzadə