Ölkə futbolu

Bu o deyil

Hələ ötən yazımda futbolunun inkişafı üçün onu bölgələrə yaymağın və çempionatdakı komanda sayının artırılmasının yetəri olmayacağını qeyd etmişdim. Çünki hazırda bizim yeganə problemimiz mövcud idarəetmə üslubudur. Bu gün “Keşlə”nin Şamaxıya köçməsi nəsə etməkdən daha çox son çırpınışa bənzəyir.

Bir neçə gün öncə AFFA prezidentinin futbola daha çox vaxt ayıracağını açıqladıqdan sonra hərəkətlilik gözlənilirdi ki, ilk addım da bu oldu. Qəribə və təəccüblü deyil. Onsuzda dəfələrlə ölkə futbolunda nəsə olub heç nə baş vermədiyini görmüşük. Biz qətiyyən ağzı düzəlməyən, hər şeyə “mız” qoyan bir mövqe sərgiləmirik. Tam əksinə, qərarlarınız barədə geniş düşünüb, hədəfə varmaq istəyirik. Açığı, yenilikləriniz üstündə çox da durulacaq ciddilikdə olmur. Yəni maksimum bu qədərsiniz: “Keşlə”ni “Şamaxı” edirsiniz. Halbuki bu “ciddi” məsələnizi sadə bir düstur darmadağın edir – toplananların yeri dəyişəndə cəm dəyişmir.

Bəli, yeni qərarınızın ölkə futbolunun inkişafına verəcəyi töhfə bu qədərdir. Ki, sizdən bundan artıqını gözləmək də absurddu. Biz saxta tənqidçilər deyilik ki, indi də süni təriflər yağdıraq. Vaxt getsə də, çözüm qalır.

Ümid sonda ölür. Çəkilin, ölkə futbolunun önünü açın. Klubların vahid yerdən idarə edilməsinə son qoyun. Siz həm məşqçi, həm futbolçu, həm də funksioner olmaq istəyirsiniz. Bu, mümkün deyil. Ona görə də sistem sizi qəbul etmir və bacara bilmirsiniz. Səlahiyyətlərinizin müəyyən çərçivədə olduğunu bilirik. Ancaq bu qədər də uğursuz olmağınız bir az da öz sistemsizliyinizdir. İllərdir davam edən “iş”lərinizin gerisində lağ olunan Azərbaycan futbolu və məhv olan onlarla, yüzlərə istedadlar var.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43