Müsahibə

“Bu oyunu udmağa və ilk üç xalı qazanmağa çalışmalıyıq” – MÜSAHİBƏ

“İnter”in ispaniyalı müdafiəçisi İvan Alexandro Benites klubun rəsmi saytına müsahibə verib.

– “İnter”ə keçidin necə alındı?

– Ötən mövsümün başa çatmasından sonra şəraiti dəyişmək istədim. Sonra “İnter”dən təklim aldım və həvəslə qəbul etdim. Etiraf edim ki, “İnter” karyeramda yeni mərhələdir və komandanın uğuru üçün bütün gücümü sərf etməyə çalışacağam.
 
– “İnter”ə gəlməmişdən öncə Azərbaycan futbolu haqqında hansı məlumatlara malik idin?
 
– Səmimi desəm, bu ölkəyə gəlməmişdən əvvəl Azərbaycan çempionatı barədə məlumata malik deyildim. Ancaq Kipr çempionatında oynamış və hazırda “Bakı”nın ispaniyalı futbolçusu Mario Martinez Rubio bu məsələdə mənə çox kömək etdi. O dedi ki, burada bir çox güclü komandalar var və yerli çempionat kifayət qədər yaxşı səviyyədədir.
 
– Azərbaycanda yeni mövsüm bir neçə həftə öncə başlayıb. Ötən müddət ərzində çempionat sizdə hansı təəssüratları oyatdı?
 

– Biz iki güclü komandayla iki qarşılaşma keçirdik. Təəssüflər olsun ki, bu matçlarda yaxşı nəticə əldə edə bilmədik. Bütün komandalar yalnız uğura köklənib, çempionat böyük rəqabətliyə malikdir. Bizə bu mövsüm asan olmayacaq, ancaq var gücümüzlə məşq edəcəyik və düşünürəm ki, bizim səylərimiz bəhrəsini verəcək.
 
– Yəqin qohumlarınız və dostlarınız sizdən Azərbaycan haqqında  soruşurlar. Maraqlıdır, bizim ölkəni necə təsvir etdin?
 
– Dedim ki, burada hər şey xoşuma gəlir. Etiraf edirəm, mənə elə gəlir ki, burada artıq çoxdandır yaşayıram. Bakı çox gözəl şəhərdir, burada çox maraqlıdır. Ailəm və dostlarım mənə görə çox şaddırlar.
 
– Qarşıda komandanı AZAL ilə oyun gözləyir. Baş tutacaq matç haqqqında nə deyə bilərsən? Rəqib barədə hansı məlumatlara maliksiniz?
 
– Bu günlərdə komandayla birlikdə rəqibimizin qalib gəldiyi AZAL – Bakı matçını seyr etdik. Etiraf edim ki, AZAL məndə yaxşı təəssürat oyatdı. Düşünürəm ki, onlar bizə çətinliklər yaratmaq istəyəcəklər, lakin biz buna hazır olmalıyıq. “İnter” hər matçda meydana qalib gəlmək məqsədilə çıxır. Bu oyunu udmağa və ilk üç xalı qazanmağa çalışmalıyıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43