“Almaniya səfərində xeyli insanlarla tanış olduq, maraqlı söhbətlər oldu. Klub idarəçiliyi və strategiyası barədə maraqlı müzakirələr apardıq. Bu cür seminarlar bizim üçün çox böyük əhəmiyyət kəsb edir”.
Bu sözləri İdmanxeber.az saytına “Zirə”nin baş meneceri Elman Himayətoğlu Almaniyanın Frankfurt şəhərində qatıldığı “Elite Club Programme” təhsil layihəsinin ikinci mərhələsi barədə danışarkən deyib. Klub rəsmisi daha sonra belə davam edib:
“Tədbir 3 gün davam etdi. İlk gündə Frankfurtun “Ayntraxt” klubunun stadionunda olduq, klub rəsmiləri ilə söhbətləşdik. Akademiyalarının fəaliyyəti, məşq proqramları və ümumən işə yanaşmaları barədə məlumat aldıq. Daha sonra “Mayns” klubunu ziyarət etdik. Onların da stadionunda olduq. Hər iki klubda da maraqlı təcrübə yaşadıq. Bu klubların hazırda tutduğu yerlər bizim üçün uzaq görünür. Ancaq müəyyən faydalı işlər gördük. Özümüz üçün qeydlər apardıq.
Seminarın 3-cü günündə Almaniya Futbol Federasiyasında olduq. Orada təcrübəli mütəxəssislər bu ölkədəki futbolun inkişafı, strategiyası barədə danışdı. Tədbirdə maraqlı qonaqlar da var idi. “Arsenal” rəsmisi skaut çalışmaları ilə bağlı çıxış etdi, həmçinin “Bayer” klubunda fəaliyyət göstərən məşhur mütəxəssis Keld Bordinqard da öz fikirlərini bildirdi. Ümumən çox maraqlı və faydalı bir səfər idi. Bu cür seminarlar gələcəkdə Azərbaycan futbolunun inkişafı üçün önəmlidir”.