Premyer Liqa

Bu tərəfin adamları

Biləcəridən o tərəfə söhbətini bilirsiz də.. Təkrarlamağa lüzum varmı? Yox, çünki o tərəfə getmək bu tərəflik futbol adamlarının başı üçün olan iş deyil.

O tərəfdə bir işıq yanır, közərir, səni çağırır, amma gedə bilmirsən. Çünki sənin yerin, bacaracağın iş Biləcərinin bu tərəfidi. O tərəfində evlər ucuz olsa da, bu tərəfindəki villalardan daha hörmətli və əzəmətlidi.

Heç Ramil Diniyev də Biləcərinin o tərəfinə addım ata biləcək hakim deyil. Onun hakimlik savadı, futbol fəlsəfəsi heç Bayıla da getmək imkanı vermir… Nə olsun ki, "Rəvan" autsaderdi?

Diniyevin Biləcərinin tam göbəyində penalti şousu bu mövsüm ikinci dəfə yaşandı. Özü də yenə "Bakı"nın oyununda və yenə Biləcəridə. Bu Biləcəri məsləsi bir az qaranlıq məqamdı. Diniyev üçün o tərəflər heç kimin görməyəcəyi bir məkana çevrilib. Mövsümün ikinci penalti şousu məhz buna görə yenə eyni klubun oyununda, eyni məkanda təkrarlandı. 

İlk dövrədə "Bakı" – "Simurq" oyununa təyinat alan Diniyev həmin oyunda 2 penalti qərarı vermiş, hər ikisində də "Bakı"nın lehinə fit çalmışdı. Həmin matçda da Əfran İsmayılov hər iki penaltini qola çevirmişdi. Yadınızda deyilsə xatırladım ki, həmin matçda da verilən penaltilərdən biri, daha doğrusu ikinci penalti çox söz-söhbətə səbəb oldu. 

Hə, unutmamış deyim ki, iki oyunun cəmində 4 penalti "Bakı"nın lehinə verən Diniyevin qarşıdakı turlarda da, Biləcəriyə "sifariş" olunacağı gözləniləndi. Hər halda, paytaxt klubunun bundan sonra 3 xala daha çox ehtiyacı olacaq… 

P.S. Diniyev 12-ci tura kimi 3 oyunda ard-arda xallar itirən "Bakı"nı Zaqatala klubunu "yuyub-sərmək"lə "qara zolaq"dan çıxartdısa, "Xəzər Lənkəran"la matçda mövsümün sonuna az qalmış qeyri-stabil çıxış edən və avrokuboklara getmək üçün mütləq azı xal qazanmalı olan Pantiçin yetirmələrini bir xalla mükafatlandırdı. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43