“Bizim əhatəmiz yalnız futbol klubları və futbolçular deyil. Biz Azərbaycanda idmanla bağlı işləmək niyyətindəyik. Hazırda da bu istiqamətdə çalışmalarımız davam edir. Klublarla, federasiyalarla danışıqlar davam edir. Hələlik konkret razılığa gəldiyimiz idmançılar yoxdur. Klublarla, idmançılarla əlaqədəyik. Yəqin ki, müəyyən nəticələr olacaq. Ümumən işlər qaydasında gedir, hər şey gözlədiyimizdən daha yaxşıdır. Çünki bu sahədə belə bir işə ehtiyac var idi. Biz də çalışırıq gözləntiləri qarşılayaq və yüksək səviyyədə xidmət göstərək”.
Bu sözləri İdmanxeber.az saytına “Neftçi”nin sabiq kommersiya direktoru Rüstəm Allahverdiyev klubdan ayrılandan sonra yaratdığı “İqsports” adlı idman agentliyinin fəaliyyəti barədə danışarkən deyib.
Allahverdiyev daha sonra gözləntilərdən və çətinliklərdən söz açıb:
“Bu işdə gözləntilərimiz böyükdür, amma çətinliklərimiz də çoxdur. Bu sahə ölkədə inkifaş etməyib. İstər idman marketinq, istər idman mediası olsun. Federasiyaların bir çoxunda media-marketinq bölməsi yoxdur. Baxırsan ki, ayrı işlə məşğul olan adamlar federasiyanın sosial şəbəkə hesablarını idarə edir. Həmçinin idmançılar özlərinin tanıtımı ilə məşğul olmur. Halbuki bu vasitə ilə sponsorluq anlaşmalarından yaxşı pullar qazana bilərlər. Onların çoxu karyerasını bitirib yoxa çıxırlar. Ancaq özlərini inkişaf etdirib, gələcəkdə mütəxəssis kimi formalaşa bilərlər. Biz də çalışırıq ki, media-marketinq işlərini hər kəsə anladaq, bunun nə qədər əhəmiyyətli bir şey olduğunu göstərək. Ən çətin məsələ də budur. Ümid edirik ki, gələcəkdə bu işlərin bəhrəsini görəcəyik”.