“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 10-cu turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
O, 4:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Vacib oyun idi. Bəzi problemlərimiz var idi. Əsas heyət oyunçuların bir neçəsi meydanda yox idi. Futbolçular çox istəkli idilər. Rəqibə uğurlar arzu edirəm”.
– Kevin Medina ilk dəfə sol cinahda oynadı…
– Variantlarımızdan biridir. Bundan əvvəl də bir matçda bu mövqedə oynamışdı. Belə futbolçuları bəyənirəm. Bu gün futbol belə şeyləri tələb edir.
– Niyə məhz Medina cinahda oynadı?
– Bəzi nüanslar var, xırdalamasam yaxşıdır. Bəzi tapşırıqlar verilmişdi. Rəqib o zonadan daha çox hücum edirdi. Orada Medina kimi bərk və sürətli futbolçunun qalması vacib idi.
– “Kayrat”la oyundan sonra bu matçda tam heyətlə oynamağınızın səbəbi nə idi?
– Futbolçuların hazırlıq səviyyəsinə baxırıq. Oyunlarımıza baxsaq, daha yaxşılığa doğru gedirik. Rahatçılıq var idi ki, futbolçular bu matçda da yüksəj templə oynaya bilərlər. Oyunun əhəmiyyəti böyük idi.
– Musa Qurbanlının qolu, yoxsa Ramil Şeydayevin qolu sizi daha çox sevindirdi?
– Bu dəfə qələbə daha çox sevindirdi.
– Ozobiçin penalti vurmamasına siz qərar verdiz?
– Bəli.
– Ardıcıl 2 qələbə qazandız. Sabah da Azərbaycanda “Zəfər günü”dür. Təəssüratlarınız necədir?
– Bu zəfərə həddindən artıq çox sevinirəm. Bir azərbaycanlı olaraq torpaqlarımızın başqasında olması bizə təsir edirdi. Uzun illər idi ki, hər gün bu mövzu hər yerdə gedirdi. Bu qədər vaxtda belə zəfəri gözləmək və bunu əldə etməkdən böyük xoşbəxtlik olmaz. Əsgərlərimizin, şəhidlərimizin qəhrəmanlığından nə qədər danışsaq, kifayət etməz. Xalqımızın adı qalxdı. Çox şey demək olar. Nə qədər desək də, yetməz. Bu zəfərə çox sevinirik. İnanın ki, mən hər zaman bu komanda üzərində təzyiq hiss eləmişəm. Bir azərbaycanlı olaraq hər zaman narahat olmuşam. Düşünmüşəm ki, uduzsaq necə olacaq? Amma bu gün inanın ki, çox rahat və ürəkliyəm. Nə qədər qələbə qazansaq da, çox çalışsaq da, zəifliyimiz var idi. Torpaqladımız işğal altında idi. Biz orada necə insanlar itirmişik, nə qədər övladlar yetim qalıb. Yenə deyirəm, bu haqda çox danışmaq olar. İndi uduzmaqdan qorxmuram. Biz qalib xalqıq. Futbol böyük elmdir. Nə qədər futbol varsa, inkişaf da var. İndi komandam daha ürəkli və inamlıdır. Məğlub olmaqdan qorxmuruq. Artıq 1 il keçsə də, hər gün bu zəfərdən danışırıq. Bizim ailəmizdə də bu mövzular gedir, videolar izləyirik. Biz qəhrəmanlarımızın əziyyətinin qarşlığını verə bilmərik. Güclü və inamlı xalq kimi böyüyürük. Artıq uşaqlar dünyaya qəhrəman kimi gələcəklər. Bu zəfər kitablara yazılacaq, böyük bir elm olacaq. Əvvəl tarixdə olan digər ölkələrin qələbələrindən danışırdıqsa, indi özümüzdən danışacağıq. Biz də hər zaman çalışmışıq ki, Ağdamın adını uca tutaq. Rəhbərliyə təşəkkür edirəm ki, belə çətin anlarda komandanı saxladı. Biz aşağı düşmədik, minimum öz mövqeyimizi qorudur. Artıq 8 ildir ki, Avropada “Qarabağ” haqda danışırlar.
– Avrokuboklarda ilk dəfə pley-offa yüksəldiz. Hər uğurdan sonda gözləntilər artır. İndidən qışla bağlı planlar cızmısızmı?
– Bizim işimizin bir hissəsi transfer pəncərəsinə hazırlıqdır. Hər zaman demişəm ki, transfer dönəmlərində heyətə 1-2 futbolçu cəlb etməliyik. Bununla yanaşı, heyəti qorumaq da vacibdir. Oyunçularımızın sayı çox olmalıdır ki, sıx qrafikdə balansı qoruya bilək. Çalışırıq ki, alınsa, qışda heyətimizi gücləndirək. Bu klubun ayağda durması üçün bu işlər görülməlidir. Yayda alınmayan variantlarımız var ki, qışda alına bilər. İşlər gedir.
– “Bazel”lə səfər oyununda əvvəl Bakıda mətbuat konfransı təşkil etmək olar?
– Nə suallar verəcəksiz? Bunu nəzərə alarıq.
– Ramil Şeydayevin oyunu haqda nə düşünürsüz?
– Özünə inamı artıb, çox çalışır. Onun istəyi, ondan tələblərimiz ona güc verir. Ümidlərimizi doğruldur və inanıram ki, daha güclü Ramil görəcəyik. Futbolçunun istəkli olması çox vacibdir. Ramil çox çalışır.
– “Neftçi” və “Qarabağ” azarkeşləri arasında gərginlik artır. Bu gün də “Neftçi” əleyhinə şüarlar səsləndirdilər. Bu gərginliyi azaltmaq üçün bir açıqlamanız ola bilərmi?
– Dünya futbolunda rəqiblər arasında mübarizəni qaldıran, daha yaxşılaşdıran azarkeşlərdir. Bunlar normal haldır. Etik qaydalara əməl etmək lazımdır. Bu gün atmacalar olsa da, etikadan kənara çıxılmadı. Düşünürəm ki, qarşıda azarkeşlərimizdən daha maraqlı şüarlar eşidəcəyik. Oyunları maraqlı edən azarkeşlərdir.
– Samir Abasov ötən oyundan sonra azarkeşlərin şüarları ilə bağlı açıqlama verəndə sizdən nümunə gətirmişdi. Siz Abbasovu qorumağa çalışsaz da, o, sizdən nümunə çəkir.
- Bir fikir haqda çox danışanda bu, dəyərdən aşağı düşür. Bu məsələni belə saxlamaq lazımdır. Buna normal baxıram. Abasovla yaxşı münasibətim var. O, elə bir şey demək istəyib ki, düzgün anlaşılsın. Dediyi də olub. Deyə bilmərəm ki, olmayıb. Bir-birimizə belə suallar verməsək yaxşıdır. Öz işimizi görək.