Kateqoriyasız

“Buna heç kim qaranti vermir” – Samir Abasov

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Neftçi” – “Olimpiakos” (0:2) matçından sonra təşkil edilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bildirib:

– Bu cür oyundan sonra danışmaq çətindi. Təəssüf ki, turniri tərk etdik. Amma yaxşı oyun oynadıq. Bu, bizim üçün yaxşı təcrübə oldu. Oyuna görə uşaqlara təşəkkür edirəm. Növbəti turnirdə yolumuza davam etmək üçün artırmalıyıq. Xarakter göstərib, yaxşı oyun oynayıb, ÇL-i tərk etdik. “Olimpiakos”a qarşı bu cür oynamaq üçün xarakter lazımdı. Biz də onu etdik.

– Ömər Buludovu hansı ümidlə oyuna buraxmışdız?
– Futbolçu inkişaf etmək istəyirsə, bu cür oyunlarda inkişaf edir. Əgər bu cür oyunlarda həyəcan keçirmirsə, demək heç vaxt keçməyəcək. Oyuna buraxmasaydım, deyəcəkdiniz, Ömər nəyə görə oynamır? Mən onu səhvlərinə görə əvəz etmədim. Sadəcə zədələnmişdi. O, özü əvəzlənməyi xahiş etdi. Meydana buraxacağımız 11 oyunçunun heç birinin səhv etməyəcəyinə heç kim qaranti vermir.

– Hücumçusuz və bu cür heyətlə hansı perspektivi görürsüz?
– Əlimizdə olan oyunçularla oynayacağıq. Forvardımız yoxdusa, sistemdə dəyişiklik edəcəyik. Əsas odu ki, futbolçularda istək olsun. Bu cür davam etsək, artıracağıq. Hər şeyi zaman göstərəcək.

– Komandanı növbəti turnirə motivasiya etmək çətin olmayacaq?
– Bununla bağlı problemim yoxdu. Təbii ki, çox çətindi. Biz heyətimizi gücləndirməliyik. Bu barədə sizə bir söz deyə bilmərəm.

– Nəyə görə son 15 dəqiqə Mbodj hücumda oynadı?
– O, bunu özü istədi. Biz də imtina etmədik. Hücumda bizə kömək olmaq istəyirdi. Çünki qol vurmaq lazım idi. Bu, Mbodjun hücumçu keyfiyyətlərindən irəli gəlmirdi. Sadəcə o, hücuma kömək etmək üçün irəliyə yollanmışdı.

– Birinci dəfə deyil ki, problemlərdən danışırsız. Rəhbərlik sizi transfer məsələlərində dəstəkləmir?
– Cavabım yoxdu. Transfer haqda danışmayacam. Ümid edirəm ki, yaxın vaxtlarda bu məsələ həllini tapacaq.

– Avropa Liqasındakı rəqibiniz HİK haqda hansı fikirdəsiniz?
– HİK komandası ilə ümumiyyətlə maraqlanmamışıq. Sabahdan onları analiz edəcəyik. Ümid edirdim ki, yolumuza Çempionlar Liqasında davam edəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43