22 Oktyabr 2024
Kateqoriyasız

“Bundan sonra da bizim bayrağımız altında keçiriləcək tədbirlər daha maraqlı olacaq” – Orxan Məmmədov

Bu gün minifutbol üzrə Azərbaycan çempionatının püşkü atılıb.

İdmanxeber.az xəbər verir ki, püşkatma mərasimində iştirak edən Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov ölkəmizdə bu idman növünə olan maraqdan danışıb:

“Tarixə nəzər yetirsək, görərik ki, minifutbol ölkəmizdə inkişaf edir. Bu, qeyri-peşəkar idman növü sayılsa da, əhali arasında geniş yayılıb. Heç də təsadüfi deyil ki, yerli sahibkarlar bu sahəyə yatırımlar edib. On ildən çoxdur ki, həm Bakıda, həm də ətraf kəndlərdə, şəhərlərdə minifutbol meydançaları tikilib. Sahibkarlar bu sahədə imkan görüb, külli miqdarda yatırım edir. Artıq Bakıda 40-a yaxın minifutbol meydançası fəaliyyət göstərir. Minifutbolun peşəkar səviyyəyə çatmaq fikirləri çoxdan var idi. Ona görə də 2017-ci ildə biz həm federasiyanı yaratdıq, həm də dünya və Avropa federasiyalarına üzv olduq. AMF-in tərkibində olan çempionat əhali arasında geniş yayılıb. İmkan yaradırıq ki, qalib komanda ölkəmizi Avropada təmsil etsin. Artıq bir neçə ildir ki, komandalar Azərbaycanı xaricdə təmsil edir. Çalışırıq ki, federasiyamız və ölkəmiz haqda geniş auditoriyaya səs salaq. Son Avropa çempionatında qalib olduqdan sonra bunu edə bilmişik. Əminəm ki, bu çempionat digərlərindən daha maraqlı olacaq. Çünki maraq daha da artıb. Komandamız Avropa çempionu oldu və ölkə başçısı tərəfindən qəbul edildik. Futbolsevərlərin bu idman növünə marağı daha da artıb. Peşəkar olmayan idmançılar can atır ki, AMF-in bayrağı altında keçirilən çempionatlarda iştirak etsin. Bundan sonra da bizim bayrağımız altında keçiriləcək tədbirlər daha maraqlı olacaq.

Avropada veteran futbolçular karyerasını bitirdikdən sonra özlərini minifutbolda göstərə bilirlər. İnanıram ki, veteranlarımızın iştirakı da maraqla qarşılanacaq. Çempionatın uğurlu, xeyirli-bərəkətli olmasını diləyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43