23 Sentyabr 2024
Ölkə futbolu

“Bunlardan canımı qurtara bilmirəm” – Rəşad Sadıqov

Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində keçirilən “Neftçi” – “Zirə” oyunundan sonra (1:0) qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

İdmanxeber..az məlumat verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Oyuna yaxşı başlamışdıq. Hücuma çıxarkən top itkisi baş verdi. Rəqib bundan yararlandı. Daha sonra hücumlarımız oldu, qol və qollar vurduq, sayılmadı. Futbolçularım bu gün qəhraman kimi mübarizə apardı. Bağrıma basıram hamısını. Bu şəkildə davam etməliyik. Sona qədər mübarizə aparmalıyıq. Güclü kollektivimiz var. İnşallah, istədiyimiz nəticəni əldə edərik.

– Oyunun nəticəsi ədalətli idi?
– Ən azı məğlub olmamalı idik. Qollarımız sayılsaydı, qələbə qazanardıq. “Neftçi” ilə oyunlarda çox epizodları qaçırırıq. Ümumən 5-7 qol vurmuşuq, qeydə alınmayıb.

– Epizodlara baxdınız? Qərar əlalətli idi?
– Baxın, birinci epizodda qayda pozuntusu yox idi. Topa oynayan Qismətdir. O, topa oynadı, rəqib ayağını qoydu Qismətin ayağının altına. Bundan sonra Qismət nə etməli idi, uçmalı idi? İkinci epizoddakı vəziyyətə gəlincə, görəsən, qol bizim qapımıza vurulsaydı, Rəşad Əhmədov VAR-a baxacaqdı? “Sabah”la oyunda “Səbail”lə oyunda da Rəşad Əhmədov eyni səhvləri edir.

– Rəhim Sadıxovun çıxışında eniş hiss edirsiniz?
– Əslində, son turlarda yaxşı oynayırdı. Bu gün də əsas heyətdə başlayacaqdı. Sadəcə son turlarda çox oynadı, yorğun idi. Hücum xəttində olan problemlər davam edir. Nə var başımıza gəlir. Baxın, oyunumuzda bir problem yoxdur, o qədər hadisələr baş verir ki, futbolçuları tənqid edə bilmirəm. Bu gün olan oyundan sonra kimisə necə tənqid etmək olar?

– Müdafiədə olan boşluqlar Ruan Renatonun yoxluğu ilə əlaqədardır?
– Bəli, onun yoxluğu hiss olunur. Ümumən götürsək, müdafiə xətti yaxşı oynadı. Buraxılan qolda səhvimiz oldu. Belə oyunda qol buraxmaq üzücüdür.

– 10 oyundur qələbə qazanmamaqda səbəb nədir?
– Hücum xəttinin məhsuldarlığı aşağıdır. Ramalinqom, Orxan Əliyev bizim hücumçulardan çox qol vurubsa, demək problem var. Sonluqda problemimiz var. Məşqləri də hücum üzərində qururuq. Bu aralar çox qollar vurmuşuq, sayılmayıb. Hakimin səhvləri komandaya təsir edir.

– Rza Cəfərovun çıxışını necə qiymətləndirirsiniz?
– Rza bu mövsüm yaxşı çıxış edir. Ötən il də bizə qarşı yaxşı çıxış etdi. Düşünürəm ki, Rza ən yaxşı oyunlarını bizə qarşı göstərib. Bu dəfə 2 qol vurduq sayılmadı. Gələn dəfə gərək 7-8 epizod yaradaq ki, bəlkə 1-i qol olsun.

– Siz etiraz etdikcə hakimlərə əks-təsir göstərir…
– O birilər də tənqid edir də, onlara niyə əks-təsir etmir? Başqa klublar videolar paylaşırlar… Rəşad Əhmədov son 9 oyunun 7-də ya baş hakim olub, ya VAR-da olub. Rauf Cabbarov gedir, Rəşad gəlir. Bunlardan canımı qurtara bilmirəm. Hakimlərin bizə qarşı qərəzinin səbəbini axirətdə biləcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43