25 Dekabr 2024
Ölkə futbolu

Bunu kimin namusuna yazaq, hoca?

Lənkəran stadionunun son turlardakı boş tribunalarının görüntüsü hər kəsi düşündürür. Ölkə futbolunda azarkeş adına yeganə təsəlli yerimiz, qonaq-qaramız olanda şəkillərini, videosunu göstərməyə ümid yerimiz olan “Fırtınalar meydanı” gün keçdikcə digər stadionlarımızdan fərqlənmir. Sanki “Xəzər Lənkəran”ı elə qarğıyıblar ki, dünyanı ən azı adı ilə lərzəyə salan Con Toşak gəlib burda ağlını, məşqçi savadını itirib Junior Nildo və Zohair Benouahi ilə çempion olmaq istəyir, Türkiyədə onların dili ilə desək “üç böyük”lə çempion olan Dənizli isə Slavik Alxasovla 3 ildir uğursuzluq girdabında boğulan komandanı uğurlara daşımaq istəyir.

Fakt faktlığında qalır ki, Toşak rəsmən media önündə AZAL-ın futbolçularını öz istəyi ilə transfer edildiyini söyləmişdi və “bu gün də bazara hücumçu almağa getsəm, yenə də Nildonu alaram” deyə, böyük etirafda bulunmuşdu. Dənizli də mətbuat konfranslarının birində transferləri onun istəyi ilə həyata keçirildiyini etiraf edib. Əfsanəvi Toşak velosipedi ilə Lənkəranın iki tarixi bazarının Böyüklə Kiçikin arasında sərgərdan qaldı və ən azı kişi kimi getməyi bacardı. Superkuboku klubun muzeyinə qoyub getdi…

Dənizli isə iki ayağını, ağarmış başını bir başmağa dirəyib milyon yarıma Eliası, Slaviki və oynatmadığı yarım milyonluq qapıçı Tomiçi rəhbərliyə aldırıb söz vermişdi ki, ölkə kuboku bu mövsüm bizimdir. Bu sözü elə vermişdi ki, Lənkəran stadionunda xadimə Fatmanisə xala Dənizli gələndən yeni ölkə kubokunun qoyulması üçün muzeydə hazırlanan yeri təmizləməkdən, şüşəsini nəfəsi ilə isidib parıldatmaqdan əlləri qabar olmuşdu.

Lənkəranda qəhrəmanla antiqəhrəman olmağın ömrü 40 gün çəkir, ən tez halda, gözlə qaş arasındakı məsafə qədərdir. İndi noyabrda “Mustafa” qışqıranlar, “İstefa” qışqırır. Çünki 40 gün tamam olub, Fatmanisə xalanın təmizlədiyi yer boş qalıb. Kubok-filan yoxdur, heç Dənizlinin aldığı milyonların müqabilində həmin yerə qoyulacaq boş ümid, gələcəyə inam da yoxdur.

Cənub klubu Dənizli gələndə turnir cədvəlində ondan geridə qalan amma finişdə gümüş medalı qazanan, büdcəsi iki Elias Ribeyro dəyərində olan “İnter”dən fərqli, nə iləsə yadda qalmadı. Dənizli hər dəfəsində “çempionatda bir iddiamız yoxdur” deyəndə, bizi ağılsız, futboldan xəbəri olmayan təsəvvür edirdi. Çünki, necə iddian olmaya bilər ki, səndən geridə olan “İnter” sonda gümüş medallara yiyələnir?

O iddianı siz əldən vermisiz Mustafa hoca! Bu stadionu siz boş qoymusuz, “Qəbələ” ilə kubokun yarımfinal matçında səfərdə oynamağına rəğmən 3 dəfə əks hücumda yaxalanan taktikanı siz vermişdiz hoca! Abbasqulu bəy demiş – bunu kimin namusuna yazaq, Kərbəlayı?

Dənizli bu klubu gələn mövsüm çempion edə, lap kuboku da ala bilər. Amma Mənsimovların 5 ilə xərcləyəcəyini bir mövsümə xərclədəcək. “Çaykur Rizəspor” klubunun prezidenti demiş “sağ olsun Dənizli, komandanı Superliqaya çıxardı, amma bir ildə qalsaydı, bizi müflis edəcəkdi” açıqlaması Türkiyəni silkələmişdi.

Mübariz Mənsimov yaxşı insan, vətənpərvər, güclü iş adamıdı. Amma futbol adamı deyil. Bunu özü də etiraf edib. Ona görə də Türkiyədə çevrəsində fırlanan köməkçiləri onu rahatlıqla aldadır, istədiyini etdirir. Benouahidən belə geri qalan Gökhan Güləci ulduz adı ilə Mənsimova sırıyan, Mənsimovun özəl təyyarəsi ilə Bakıya göndərən o işbazlar indi də Dənizli ilə milyonlar qazanır. Necə inanasan ki, Dənizliyə verilən 5 milyonun hamısı gündə bir arzusunun yerinə yetməsini tələb edib, bel ağrısı səbəbindən Bakıya avtomobildə uzanaraq gedən, Zaqatalaya yol uzaqdır deyə gedə bilməyən Dənizlinin cibinə gedib?

Bilmirəm, Mənsimov qardaşları Azərbaycan mətbuatını oxuyur ya yox, amma oxuyursa deyim –Mübariz bəy, Mais bəy bəzən insana ən böyük zərbə elə ətrafından dəyir. Dənizliyə xərclənən pulun onda biri ilə titullar qazanan Ağasəlim Mircavadov, Mirça Rednik kimi məşqçilər olub. Bu məşqçiləri tapanlar, işbaşına gətirənlər İstanbuldakılar deyildi…

Futbol böyük oyundur. Hər iki mənada… Oyunu isə güclülər aparır. Çalışın biznesinizdə olduğunuz kimi, futbolda da güclü olun!

apasport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43