Kateqoriyasız

“Bütün futbolçulara demişəm ki…” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sabah”la yoxlama oyunundan (5:0) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Təcrübəli mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib…

– 3 aya yaxındı, böyük futboldan uzaq idik. Futbolçular hədddən artıq istəkli idi. Səhvlər də çox oldu. Ancaq bunu normal qəbul edirik. Oyun və nəticə öz yerində, daha çox yaşıl meydanlara qayıtdığımız üçün sevinirik. İnşallah, qarşıdakı oyunlarımız da problemsiz olar.

– Komanda bir həftəyə yaxındı məşqlərə başlayıb. Futbolçuların tam formaya düşməsi üçün nə qədər vaxt lazımdı?
– Buna düzgün, tam cavab verə bilməyəcəm. Hələ konkret bir vaxt deyə bilmərik. Həftənin son iki günü yenə karantin olacaq, məşqlərdən uzaq qalacağıq. 21 gün vaxtımız var idisə, artıq 4 gün azalır. Hədddən çox diqqətli olmalıyıq. Fasilədən sonra ilk oyunda futbolçular istəkli, güclü olur. Fiziki yükləmələrdən daha çox onların bərpasına fikir verməliyik. Bu durum bizim üçün problemlər yaşadacaq. Əvvəlki formaya qayıtmaq üçün çox oyun keçirmək lazımdı. Əvvəl qış hazırlığından sonra deyirdiksə ki, 3-4 tur sonra düzələrik. Ancaq indi belə deyil. Düzgün hazırlıq planı qurmalıyıq, tələsməməliyik. Ola bilər ki, çempionatın sonuna komanda formasını bərpa etsin.

– Həftəsonu məşq üçün Qəbələyə gedəcəksizmi?
– Bu hələ dəqiq deyil. 3 günlük karantinə görə getmək haqda fikir yaranmışdı. Gərək Operativ Qərargahın da icazəsi olsun. Çünki rayonlara gediş yoxdu. Ümid edirəm ki, bizim hazırlıq planımıza görə ora getmək lazım olmayacaq.

– Karantin dövründə dincələ bildiz?
– Bir az yaxşı tərəfləri də oldu. Nə qədər ailəylə evdə olsaq da, işimizə görə daha çox güc sərf etdik. Hamımız üçün böyük bir imtahan idi. Futbolçularımızın da peşəkarlaşması üçün bunun faydası olacaq. Təki tam sağlamlıq geri dönsün. Çempionatın bir ay gec, bir ay tez bitməsi problem olmaz. Ümumilikdə futbol üçün böyük zərbə oldu.

– Bir həftəlik məşqdən sonra belə oyundan razı qaldız?
– Bu müddətdə futbolçular passiv qalmamışdılar. İlk hissədə rəqib fərqli taktika ilə oynadı. Ümumən narahat olduğum meydandakı hərəkət yox, onların bərpası vacibdi. Futbolçular neçə illərdi bir yerdə oynayır. Bəzi epizodlarda artıq güc də sərf etmirdilər. Əlavə fiziki güc itirməyin qarşısını alırdılar. Futbolçularımız topla sərbəst oynayırdılar. İkinci hissədə bir az çətin oldu. Romero və Ozobiç peşəkarlıqlarıyla fərqlənirdilər.

– Maqaye Qeye öz istəyiylə ayrıldı?
– Qarşılıqlı razılıq oldu. Müqaviləsi var idi, razılıq olmasaydı, yollarımızı ayıra bilməzdik. Ona təklif var idi və razılıq əldə olundu. Bütün futbolçular da bilir ki, mənim çəkiylə bağlı tələblərim çoxdu. Karantindən sonra Qeyenin düzəlməsi bir az çətin olacaqdı. Onun komanda üçün faydası çox oldu. Həm vurduğu qollar, həm də assistləriylə ustalığını ortalığa qoya bilmişdi. Ancaq futbol get-gedə daha sürətli olur.

– Vaqner da Silvaya təkliflərin olduğu deyilir. Komandada qalacaq?
– Ümumiyyətlə, bütün futbolçulara demişəm ki, düzgün – gözləmə mövqeyi tutmalıyıq. Gələcəkdə necə olacağını bilmirik. Tələsməli deyilik. Çempionatı tam bitirməliyik. Mövsümdən sonra müqaviləsi başa çatan futbolçularla danışıqları bərpa edəcəyik.

– Rəşad Sadıqovla karyerasıyla bağlı fikir mübadiləsi aparmısız?
– Qərarımızı vermişik. Ciddi dəyişiklik olmazsa, qərarımız yerində qalacaq. Rəşad daha əvvəl karyerasını bitirmək istəyirdi, mən saxlamışdım.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43