26 Noyabr 2024
Ölkə futbolu

Cəzalanan məşqçi od püskürdü: “Sponsorumuz, arxamız yoxdur deyə, başımıza oyun açırlar”

Azərbaycan çempionatlarında hakim problemi bitmək bilmir. İstər Premyer Liqa, istərsə də digər çempionatlarda ədalət təmsilçilərindən çoxlu sayda şikayət var. Çalışdığımız qədər hər dəfə bu mövzüya toxunub, aidiyyatı qurumları məsələ ilə daha ciddi məşğul olmağa çağırırıq. Ancaq təəssüflər ki, problemin ardı-arxası gəlmir.

Hakimliklə bağlı növbəti problem ötən gün Azərbaycan II Liqası IX turu çərçivəsində keçirilən “Ağdaş” – “Füzuli” matçında (2:1) baş verib. Ev sahibi komandanın baş məşqçisi Ruslan Hüseynov qarşılaşmanın baş hakimi Ruslan Quliyevi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq texniki zonadan uzaqlaşdırılıb. Bu gün də İntizam Komitəsinin iclasında Hüseynov 5 oyun cəza alıb, “Ağdaş” 400 manat cərimələnib.

Nə baş verdiyini öyrənmək üçün komandanın baş məşqçisi Ruslan Hüseynova müraciət etdik. O, İdmanxeber.az saytına yaşananları belə açıqladı:

Hakimlərin əlindən bezmişik. Sponsorumuz, arxamız yoxdur deyə, başımıza oyun açırlar. Heç birinə söz demək olmur. Əllərinə “sarı”, “qırmızı” alıb düşüblər ortaya. Biz necə edək bəs? Hakimlər nə istəyir edirlər, bizim nəsə deməyə haqqımız yoxdur? Tər-təmiz penaltimizi vermir. Gözünün qarşısındakı epizodu görmür. Mən də etiraz etdim. Hakimə “Korsan? Niyə vermirsən penaltini?” demişəm. Bundan sonra gəlib mənə “qırmızı” verib. Meydançada rəqib oyunçular ona nələr deyirdi. Biri deyir “sən hakim deyilsən”, o biri deyir “sən vozduxsan”. Onlara heç bir reaksiya vermir, eşitməzliyə vurur. Mən danışanda isə dünya dağılır. Bundan öncəki ev oyunumuzda da olmuşdu. “Hypers Guba” görüşündə qapımıza biabırçı penalti təyin edildi. Həmin oyunda da qırğın düşəcəkdi. Komandanı güc-bəla ilə saxladım. Amma bu səfər özüm də dözə bilmədim.

Biz burada çox əziyyət çəkirik. Mənim adım məşqçidi. Həm ot biçirəm, meydançaya xətt çəkirəm və s. Bu vəziyyətdə komanda saxlayırıq. Oyunlarda belə şeylər görəndə çox pis təsir edir. Biz də komandayıq, heç kimdən əskik deyilik. Hakimlər rəqiblərə ehtiyatla, qorxaraq yanaşırlar. Bizə çatanda isə bütün haqsızlıqları edirlər. Açıq şəkildə deyirəm ki, bizdən əl çəksinlər. Oyunları düzün aparsınlar, ədalətli olsunlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43