22 Dekabr 2024
Ölkə futbolu

Cahangir Hacıyev mülkləri satışa çıxardı: sabiq bankirin ölkədən çıxışına qeyri-rəsmi qadağa qoyuldu

Son ayların ən səs-küylü siyasi hadisələrindən biri ölkənin ən zəngin oliqarxlarının “maliyyə xəyanəti” ittihamı ilə həbs edilməsidir.

İdmanxeber.com-un məlumatına görə, mətbuatın əsas mərkəzi mövzularından olsa da, hüquq-mühafizə orqanları işlə bağlı məlumatları bölüşməyə xəsislik edirlər. Ötən saylarımızdan birində Cahangir Hacıyevin Beynəlxalq Bank sədrliyindən uzaqlaşdırılandan sonra özünün də istintaqa cəlb edilməsi haqda yazmışdıq.

Mənbə bildirmişdi ki, sabiq bankiri istintaqla əməkdaşlıq etdiyinə görə həbs etməyiblər. Mənbəmizin verdiyi son məlumata görə, C.Hacıyev kreditlərlə bağlı bütün məlumatları istintaqçılarla bölüşür, kreditlərin kimlərin xahişi ilə verilməsi ilə bağlı olan məlumatları da gizlətmir. Konkret kreditlər üzrə hansı nazirin, komitə sədrinin ona zəng etdiyini açıq şəkildə istintaqçılara deyir. Buna görə sabiq bankir azadlıqda gəzir. 

Bundan başqa, C.Hacıyev özünə yaxın olan ayrı-ayrı şəxslərin adına götürülən kreditlərin ödənilməsini də təmin etməlidir. Məlumata görə, C.Hacıyevin hazırda maliyyə durumu həddən artıq pisdir, əmlaklarını belə satışa çıxarıb. Mənbəmiz deyib ki, C.Hacıyevin ölkədən çıxışına da qadağa qoyulub. Qeyri-rəsmi tətbiq olunan qadağa rəsmiləşə də bilər. “Azadlıq” qəzeti C.Hacıyevlə bağlı aldığımız məlumatları dolayısı ilə təsdiqləyən məlumat yayıb.

Qəzetin yazdığına görə, Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı” 7 yüksək vəzifəli məmur hədəfə gəlib. Məmurlar Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevdən iri məbləğli kredit xahişi ediblər. Bu fakt Beynəlxalq Bankla bağlı araşdırmalar başlanarkən bəlli olub. Bildirilir ki, Cahangir Hacıyev həmin məmurların və onların xahişini etdiyi şəxslərin siyahısını təqdim edib. Dərhal həmin məmurlardan izahat tələb edilib. Məmurlar isə götürülən kreditlərə qarant durduqları və tezliklə pulların geri qaytarılacağı barədə söz veriblər.

Məlumatda deyilir ki, həmin məmurlara pulların qaytarılması üçün konkret vaxt qoyulub. Əgər deyilən müddətdə pullar geri qaytarılmazsa, bu məmurlar ən yaxşı halda vəzifələri ilə vidalaşaraq əmlaklarının bir hissəsindən imtina etməli olacaqlar. Qəzet yazır ki, məmurların qarant durduğu sahibkarlar hazırda həbsdədilər.

“Kredit qalmaqalı”na görə xeyli sayda sahibkar DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb. Kredit borcunu ödəyən sahibkarlar bir neçə gün sonra sərbəst buraxılıb. Bu sırada “Xəzər adaları” layihəsini həyata keçirən Hacı İbrahim Nehrəmli, “Metanol” zavodunun sahibi Nizami Piriyev və digərlərini göstərmək olar. Borcunu ödəməyənlər barəsində isə həbs-qətimkan tədbiri seçilib. Qeyri-rəsmi məlumatlara görə, bu qalmaqalda ümumilikdə 6 milyard manatdan söhbət gedir.

C.Hacıyev Beynəlxalq Bankdan uzaqlaşdırılandan sonra maliyyələşdirdiyi “İnter”də da maliyyə durumu çətinləşib. İş o yerə çatıb ki, Avroliqa qarşılaşmaları çərçivəsində səfər oyunlarına AFFA-nın maliyyə yardımı ilə yollanan klubda futbolçular bir neçə aydı maaş ala bilmir. Sabiq bankirin komandasının ayağında 38 milyon dollar borc var. Yaxın zamanlarda “İnter”in adının dəyişməsi istisna deyil. Bu xəbərlər də Cahangir Hacıyevin kəskin pul böhranı ilə üzləşməsi haqda məlumatları da təsdiqləmiş olur. Görünən odur ki, C.Hacıyevin batırdığı bankla bərabər özü də batır

musavat.com


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43