“Qarabağ-2”nin baş məşqçisi Cavad Mirzəbəyli klubun rəsmi saytına açıqlama verib.
İdmanxeber.az xəbər verir ki, Ağdam klubunun 2-ci komandasının çalışdırıcısı mövsümün ilk yarısını dəyərləndirib:
“Bu mövsüm çempionat daha gərgin keçir. Oyunlarda aşkar favorit və autsayderin olduğu hiss edilmir. Mövsümün ilk yarısında gənc futbolçulara ən çox şans verən komandalardan biriyik. Məqsədimiz gənclərə üstünlük vermək və əsas komandaya limitə uyğun futbolçular qazandırmaqdır. Bütün komandalarla başabaş mübarizə aparırıq. Bəzi matçlarda təcrübə baxımından nəticə qazana bilmirik. Çünki gənc oyunçular hələ təcrübə qazanırlar. Bu da başadüşüləndir. Çalışacağıq ki, mövsümün ikinci yarısında da gənclərə üstünlük verək və onları inkişaf etdirək. Ümid edirəm ki, çempionatı yaxşı pillədə başa vuracağıq. Bunun üçün potensialımız var”.
Baş məşqçi qış hazırlıq planından da danışıb: “Hazırlığımız Bakıda baş tutacaq. Bu müddət ərzində 5 yoldaşlıq görüşü keçirmək fikrindədyik. Rəqiblərlə danışıqlar gedir və oyunların vaxtlarını müəyyənləşdiririk. Fevrala qədər komandanı tam hazır etmək istəyirik. Çalışacağıq ki, “Qarabağ” Futbol Akademiyasından komandaya oyunçu cəlb edək və onları zamanla əsas komandaya qazandıraq. Daha çox gənclərin komandamızda olmasını istəyirik”.
Qeyd edək ki, “Qarabağ-2” 1-ci divizionda 12 turdan sonra 19 xalla 6-cı pillədə qərarlaşıb.