Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
– İrlandiya ilə matçda məqsəd nədən ibarət olacaq?
– Komandada atmosfer yaxşıdı, uşaqlar mübarizəyə hazırlaşır. Təbii ki, itkilərimiz də oldu. Ümumilikdə uşaqların yaxşı hazırlaşdığını deyə bilərəm. Komandadan razıyam. İrlandiya matçından pozitiv nəticə gözləyirəm. Dublində 2 xal itirmişdik. Sabahkı oyunda bunu düzəltməyə çalışacağıq.
– Renat Dadaşov və Araz Abdullayevi milliyə qaytardınız. Onlar sabah oynayacaq?
– Araz yaxşı mənada, dəyişib, böyüyüb. Məni çox təəccübləndirib. Ona ümid etmək olar. Renat isə ciddi zədədən sonra qayıdıb. Renat gəncdi, imkan düşən kimi ona da şans verəcəyik.
– Qarşıdakı 2 oyun sizin üçün də vacibdi. Hər hansı təzyiq hiss edirsiz?
– Xeyr, təzyiq yoxdu. Mənim 30 illik iş təcrübəm var. AFFA işimi qiymətləndirib, qərar verəcək, 14 ayda nə etdiyimizə baxacaq. 16 oyundan 13-nü səfərdə keçirmişik. Bu da xüsusi haldı. Komanda inkişaf edir.
– Rəqibin heyətində hansı oyunçudan ehtiyat edirsiniz?
– İrlandiyanın güclü komandası var. Əksər futbolçular İngiltərədə oynayır. Dublindəki oyunun 1-ci hissəsindəki oyunumuzu oynaya bilsək, yaxşı şansımız olacaq. Sadəcə rəqibin standart vəziyyətləri zamanı ehtiyatlı olmaq lazımdı.
- “Beşiktaş”da çıxış edən Berkay Vardarla maraqlanırsınız?
– Əlbəttə ki, izləyirik. Onu yaxşı tanıyıram. Bu cür futbolçularımız azdı. Hər şeyin vaxtı var. Zamanı gələndə onu da dəvət edəcəyik. Oyunçularımız xaricə yollanmağa başlayıb. Bu da pozitiv prosesdi. Xarici klubların futbolçularımızla maraqlanmaqları da xoşdu. Onlar cəmi 2 aydır ki, legioner həyatına başlayıb. Bu isə həm milli, həm də Azərbaycan futbolu üçün xüsusi haldı. Mahir Emrelidən qol gözləyirik. Klubda qollarını vurur, sadəcə mənim vaxtımda millidə hələ qol vurmayıb.