İdman

Cavadov: “Qarabağ”la görüşdə azarkeşlərimizi sevindirmək istəyirik”

“İndiki məqamda bizim üçün hər oyun həlledicidir. Ötən tur “Keşlə” ilə matça da belə yanaşmışdıq. Görüşə ciddi hazırlaşıb, 3 xal üçün meydana çıxmışdıq”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözlər “Kəpəz”in futbolçusu Ceyhun Cavadov klubun saytına açıqlamasında deyib.

Gənc yarımmüdafiəçi komandasının vəziyyəti haqda danışaraq geriyə yol olmadığını bildirib: “Ona görə də məşqçilərin verdiyi tapşırıqların öhdəsindən maksimum şəkildə gəlməyə çalışırıq. “Keşlə” ilə oyunda qarşıya qoyulan vəzifəni yerinə yetirə bildik. Mövsümdə ikinci qələbəmizi əldə etdik. Daha çox xal qazanmalıyıq”.

Mövsümün ilk 10 turuna nəzər salan futbolçu komandanın istənilən nəticəni qazana bilməməsinə təəssüfləndiyini bildirib: “Təbii ki, turnir cədvəlində tutduğumuz mövqeyə görə çox məyusuq. Çempionata yaxşı hazırlaşmışdıq, ona görə uğurlu çıxış edəcəyimizi gözləyirdik. Bütün matçlara qələbə istəyi ilə yanaşırdıq. Bəzi oyunlarda sanki bəxt bizdən üz göndərmişdi. Çünki yaxşı oyun nümayiş etdirib uduzurduq. Düzdü, vəziyyətlə barışmırıq. Yəqin ki,  “Keşlə” ilə görüş bizim üçün dönüş nöqtəsi olar. Bundan sonra yaxşı olacağına inamım böyükdür”.

“Kəpəz” Azərbaycan Premyer Liqasının növbəti turunda “Qarabağ”ı qəbul edəcək. Çempionlar Liqasında ölkəmizi layiqincə təmsil edən “Qarabağ”la qarşılaşmaya Gəncədə maraq böyükdür: “Rəqibin gücü hamıya bəllidir. Qitənin ən nüfuzlu turnirində “Atletiko” ilə matçdan sonra çempionat görüşündə bizimlə oynayacaqlar. Azarkeşlərimizi doğma meydanda sevindirmək istəyirik, odur ki, matça tam ciddi və səylə hazırlaşırıq. Özümüzü göstərməliyik. “Qarabağ”a qarşı oynamaq üçün komandada ruh var. Fanatlarımızdan istəyimiz gəlib bizi dəstəkləmələridir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43