27 Dekabr 2024
Ölkə futbolu

Cavid Hüseynov: “İnamımız itməyib”

“Araz-Naçxıvan”ı təbrik edirəm. Oyuna yaxşı hazırlaşsaq da, uduzduq. Komanda olaraq üzülürük. Nələrisə dəyişmək istəyirik. Amma hələ ki alınmır. Hücum xəttində problemlərimiz var. Nə qədər çalışsaq da, düzəldə bilmirik. Səbirli olmalıyıq. Maksimum dərəcədə toparlanmalıyıq, özü də tez bir zamanda. Qış fasiləsinə qədər iki oyun qalıb. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Cavid Hüseynov “Araz Naxçıvan” görüşü (0:2) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Əlimizdə çox material yoxdur. Heyətimizə baxsaq, zədəlilərimiz də var. O qədər də geniş heyətə sahib deyilik. Gəldiyim gündən komandanı üç oyuna çıxarmışam. Kuboku çıxmaq şərtilə. “Qarabağ”la başabaş mübarizə aparmaq çox çətindir. “Sabah”dan xal alacağımıza çox ümidliydik, amma uduzduq. “Araz-Naxçıvan” bu dəqiqə ən formada olan iki komandadan biridir. Çalışırıq nəyisə dəyişək.

Bir komandada sırf hücumçu yoxdursa, deyə bilərik ki, heyət geniş deyil. Hər mövqedə iki oyunçu olmalıdır. Amma bizdə çox mövqelər var ki, orada ikinci oyunçu yoxdur. Futbolçular hiss edirlər ki, onun yerində oynayacaq ikinci oyunçu yoxdur. Bu durumda işləmək çətindir. Qışa qədər başqa şansımız yoxdur. Son iki oyuna köklənəcəyik.

Durumumuz aydındır, bunu bilib gəlmişəm. Futbolçularla da iclaslarda bunun mümkün olduğunu onlara aşılayırıq. Bir qələbə kifayət edər ki, özünəinam qayıtsın. Futbolda özünəinam böyük önəm kəsb edir. Qışa qədər iki oyun qalıb. Rəqiblərimiz də güclüdür. Bunu reallaşdıra bilmirik. İnamımız itməyib”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43