“Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov istintaqa cəlb olunub. Bu barədə İdmanxeber.com-a klubdan məlumat verilib.
C.Hüseynov jurnalist, ann.az saytının əməkdaşı Rasim Əliyevin döyülməsi və sonradan öldürülməsi faktı üzrə müstəntiqlər tərəfindən dindirilib.
Qeyd edək ki, avqustun 8-də saat 18 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və aldığı xəsarətlərdən avqustun 9-da saat 05 radələrində orada vəfat edib.
Faktla bağlı Bakı şəhər prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Jurnalist Rasim Əliyev xəstəxanada verdiyi müsahibədə “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü bildirib.
Prezident İlham Əliyev jurnalistin vəfatından ciddi narahat olub və məsələnin araşdırılmasını şəxsi nəzarətinə götürüb.