23 Dekabr 2024
Kateqoriyasız

Cavid Hüseynov: “Rasim Əliyev məndən üzr istəmişdi”

Bakı Ağır Cinayətlər Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

İdmanxeber.com-un “Report”a istinadən yaydığı xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesə “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynov da gətirilib. Onun qolları qandallı olub. C.Hüseynov məhkəmədə ifadə verib.

O, R.Əliyevin “facebook”da yazdığı statusdan xəbərsiz olduğunu deyib: “Evdə oturmuşdum. Bibim oğlu Elşən İsmayılov mənə whatsap-da yazdı ki, Rasim Əliyev adlı şəxs sənin haqqında “facebook”da belə bir şey yazıb. Elşənə dedim ki, qoy yazsın, boş ver. Elşən isə bildirdi ki, “Rasimlə danışmışam, o mənə ana söyüşü söyüb, onunla görüşəcəm, bu mənim şəxsi işimdir”. Bundan sonra Rasimə zəng vuraraq danışdım, özümü ona təqdim etdim. “Facebook”da belə bir status yazmasının səbəbini soruşdum. Dedi ki, yunanıstanlı jurnalist həmkarıma hörmətsizlik etmisən. Mən isə o hərəkətdə heç bir hörmətsizlik etmədiyimi, həmin işarə ilə Türkiyə ilə qardaş olduğumuzu göstərdiyimi bildirdim. Rasim məni başa düşdü. O, məndən üzr istədi. Dedim ki, üzr istəmək lazım deyil, o söhbət bağlandı. Elşənə də dedim ki, Rasim məndən üzr istəyib, məsələ bitsin. Sonradan Elşəngilin Rasimlə görüşməyə getməsini, aralarında nə baş verdiyini bilməmişəm. Hadisədən sonra Elşən mənə dedi ki, Rasimə bir təpik vurdum. Mən də Elşəni danladım”

Məhkəmənin növbəti prosesi fevralın 2-nə təyin edilib.

Qeyd edək ki, Cavid Hüseynovun adı jurnalist Rasim Əliyevin ölüm işində keçir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43