Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı cinayəti bilib xəbər verməmək ittihamı ilə həbs olunan futbolçu, «Qəbələ»nin keçmiş kapitanı Cavid Hüseynovun məhkəməsi başladı. Yanvarın 27-də Səbail rayon Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə bu iş üzrə hazırlıq iclası keçirildi.
Hazırlıq iclasında futbolçunun vəkili Adəm Məmmədov iki vəsatət qaldırıb. Bunlardan biri Rasim Əliyevi döyüb öldürməkdə təqsirləndirilən beş nəfərin işi üzrə prosesin yekun nəticəsi bəlli olana qədər Cavid Hüseynovun işinə baxılmasının dayandırılması, onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda olub. Vəkil ikinci vəsatətində isə Bakı Ağır Cinayətlər Məhkəməsindəki işin hansı mərhələdə olduğunun müəyyənləşdirilməsi məqsədilə ora sorğu göndərilməsini istəyib. Cavid Hüseynovun həbsdən buraxılması barədə vəsatət təmin olunmayıb, sorğu göndərilməsi məsələsi isə baxılmamış saxlanılıb. İş məhkəmə baxışına verilib və növbəti proses fevralın 10-na təyin olunub.
İdmanxeber.com-un “Azadlıq” radiosuna istinadən yaydığı xəbərə görə, hazırlıq iclasından sonra vəkil Adəm Məmmədov jurnalistlərin suallarını cavablandırıb:
– Hesab edirəm ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan digər iş üzrə yekun qərar qəbul olunmadığına və hökm qüvvəyə minmədiyinə görə bu işin araşdırılması obyektiv ola bilməz. Çünki bu işə baxılması o biri işin nəticəsindən asılıdır. O biri iş üzrə hökmdən narazı qalan tərəflər apellyasiya şikayəti verə bilər. Yəni o işin hökmü qüvvəyə minənə qədər xeyli vaxt keçə bilər. Cavid Hüseynova verilən ittiham az ağır cinayət hesab olunur. Bu müddətdə hüquqlarını müdafiə etdiyim şəxsin həbsdə saxlanılması doğru deyil. Həmin hadisənin cinayət olduğunu məhkəmənin hökmü təsdiqləyir. Belə bir hökm də, hələ ki, yoxdur. O işin nəticəsi bəlli olmadan Cavid Hüseynovu həbs etməklə ibtidai istintaq qanunsuzluq edib. Bu, məhkəmə təcrübəsində ilk haldır.
– Məhkəmə faktiki qapalı keçirilir, səbəb nədir?
– Buna hakim özü qərar verib, bizim belə bir vəsatətimiz, xahişimiz olmayıb.
– Prosesdən əvvəl də ehtimallar səsləndirilirdi ki, Cavid Hüseynovun işinin ayrılmasında məqsəd məhkəməni gizli keçirib, onun xeyrinə qərar verməkdir…
– Mən istərdim ki, bütün jurnalistlər prosesdə iştirak eləsin. Növbəti məhkəmə iclasında bu barədə vəsatət də verəcəyəm. Biz özümüz də maraqlıyıq ki, həqiqət üzə çıxsın və hamı görsün. Çünki iş materiallarından görünür ki, Cavid Hüseynovun baş vermiş hadisəyə heç bir aidiyyatı yoxdur. Mətbuat nümayəndələrinin buraxılmaması şübhə yaradır. Bu da bizim üçün yaxşı hal deyil. Qohumları da, müdafiəçi olaraq mən də prosesin açıq keçirilməsini istəyirik. Çalışacağam ki, cinayət işinin materiallarını mediaya təqdim edim. Oradakı «Whatsapp» yazışmalarından da görünür ki, Cavid Hüseynov «sənlik deyil» məzmununda mesaj yazıb. Elşən də ona bildirir ki, «o, mənə ana söyüşü söyüb, bunun sənə aidiyyəti yoxdur». Hətta mesajların birində yazır ki, «gedin, polisə təslim olun».
– Cavid Hüseynovun işi istintaq başa çatandan, tərəflər iş materialları ilə tanış olandan sonra birdən-birə ayrıldı. Buna nə zərurət vardı?
– Tərəflər cinayət işinin materialları ilə tanış olanda artıq Cavid Hüseynovun işi ayrılmışdı. Mən də bunu bilirdim. Sadəcə, zərərçəkmişin nümayəndəsi buna diqqət yetirməyib.
– Bəs niyə Cavid Hüseynov barəsindəki cinayət işinin materialları başqa bir işdə zərərçəkmiş olan tərəfə tanış olmaq üçün təqdim edilib?
– Cinayət işinin materiallarını hamısı birlikdə təqdim ediblər. Onların arasında işin icraatının ayrılması barədə qərar da olub. Amma müdafiəçi onu oxumayıb.
– Konkret nə vaxt ayrılıb?
– Dəqiq tarix yadımda deyil. Amma dəqiq bilirəm ki, zərərçəkmişin nümayəndəsi iş materialları ilə tanış olarkən Cavid Hüseynovun işi ayrılmışdı.