26 Noyabr 2024
Ölkə futbolu

“Çempionat və klub haqqında çox şey bilmirdim” – “Sumqayıt”ın transferi

“Bura gələndə çempionat və klub haqqında çox şey bilmirdim”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Sumqayıt”ın futbolçusu İsa Suliman klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Yay fasiləsində Portuqaliyanın “Vitoriya” klubundan transfer edilən pakistanlı müdafiəçi yeni komandası barədə məlumatlar toplamaq üçün komanda yoldaşlarına çoxlu suallar verdiyini bildirib: “Burada olmaqdan çox xoşbəxtəm. Komandada hər kəs qonaqpərvərdir. Toplanış boyunca məşq və matçlar zamanı bir-birimizin oyun tərzini daha yaxşı anlamağa çalışdıq. Bir sıra istedadlı oyunçularımız var. Ona görə də mövsümün başlamasını səbirsizliklə gözləyirəm. Bura barədə daha çox məlumata sahib olmaq üçün düşərgədəki hər kəsə çoxlu suallar verirəm. “Sumqayıt”da çıxış etmiş futbolçulardan birini tanıyıram. O, mənə klub haqqında ancaq müsbət fikirlər söyləyib”.

Pakistan millisinin mərkəz müdafiəçisi artıq Azərbaycan dilini öyrənməyə başladığını diqqətə çatdırıb: “Yaxşı çıxış etsək, daha çox imkanlarımız olacaq. Hazırda yeganə diqqətim “Sumqayıt” üçün hər şeyi vermək və klubun nail olmağa çalışdığı məqsədlərə çatmaqda kömək etməkdir. Oyunçularla ünsiyyət qurmaq çox asandır. Çoxu ingilis dilində danışır. Amma meydanda mənim əsas güclü cəhətlərimdən biri danışmaq və təşkilatlanmaqdır. Azərbaycan dilində bəzi sözləri artıq öyrənmişəm. Prioritetlərimdən biri meydanda istifadə etməli olduğum açar söz və ifadələri öyrənməyə çalışmaqdır”.

İsa Suliman yeni mövsümün startını səbirsizliklə gözlədiyini söyləyib: “Azarkeşlərimizə demək istəyirəm ki, mövsümün ilk oyununda sizi stadionda görməyi səbirsizliklə gözləyəcəyəm və biz əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Sumqayıt” 2023/2024 mövsümündə Premyer Liqanın ilk tur oyununu avqustun 5-də səfərdə “Səbail”ə qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43