Müsahibə

Çingiz İsmayılov: “Əsl qapıçı ayağa baxmalıdı” – MÜSAHİBƏ

Bu gün “Neftçi”nin veteran futbolçusu Çingiz İsmayılovun 80 yaşı tamam olur. Uzun illər komandanın şərəfini qorumuş qapıçı “Neftçi” ilə bağlı xatirələrini klubun rəsmi saytı ilə bölüşdü. 

– Çingiz İsmayılov üçün futbolun qapısı haradadır?
– Futbolun qapısı onu girəcəyidir. Bu qapını qorumaq hər kəsə nəsib olmur. Mən 32 nömrəli məktəbin həyətində ilk dəfə qapıda dayanmışam. Məktəb çantalarından qapı dirəkləri düzəldib oynayırdıq. 3 top buraxandan sonra heç kim qapıda durmaq istəmirdi. Qapıda durmaqdan dizlərim, dirsəklərim hamısı sıyrılırdı. Mən uşaq futbol məktəbinə getməmişəm, küçə futbolundan böyük futbola gəlmişəm. 1952-ci ildə “Neftçi”nin ilk oyununu izləmişdim. O gündən özümü bu komandanın bir hissəsi kimi hiss etməyə başladım. “Neftçi” mənim həyatımdı, sevincimdi, kədərimdi, mən “Neftçi” ilə nəfəs alıram. İndi də “Neftçi” hesabda geri düşəndə əsəbləşirəm, bu yaşımda danlanıram evdə….

– Komanda yoldaşlarınızdan kimin üçün darıxırsınız?
– Komandada Əli Əbilzadə ilə yaxşı münasibətimiz var idi. Bax onun üçün darıxıram, Mikuçadze var idi, əla futbolçu idi. Tez-tez onu xatırlayıram. Məşqçimiz Viktor Novikov yaxşı yadımdadır, sonradan hakimlik də edirdi. Bu insanlar üçün çox darıxıram. 

– Hücumçular gileylənir ki, 11 metrlik cərimə zərbəsi vurarkən top gözlərində sanki böyüyür, qapıçılar üçün necə, topun ölçüsü dəyişirmi?
– Bilirsiz, indi qapıçılar təsadüfi istiqamət seçərək ya sağa, ya sola tullanmaqla topu tutmağa çalışırlar. Amma əsl qapıçı ayağa baxmalıdır. Yadımdadır, biz Bakıda İranın milli komandasına məğlub olmuşduq, səfərdəki oyunda isə heç-heçə oynadıq. Həmin matçda qapımıza təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəf etdim. Bakıda bu nəticədən çox razı qaldılar. Çünki o zaman belə bir deyim var idi ki, sovet futbolçuları uduza biməzlər.

– Geriyə baxanda əlinizdən gələni etdiyinizi düşünürsünüz? Yoxsa daha güclü Çingiz İsmayılov olmaq mümkün idi?
– Bilirsiz, zamanı qaytarmaq mümkün deyil. İstər futbolçu, istər futbol funksioneri, istərsə də şərhçi kimi heç zaman işimdən qorxmamışam. Yalnız laqeyd insanlardan çəkinmişəm. İşə laqeyd münasibət bəsləmək olmaz. Küçədə, avtobusda məni görüb tanıyırlar, demək ki xatırlanıram.

– Çingiz müəllim dediniz ki, küçə futbolundan gəlmisiniz, bəs indi problem nədədir? Küçə yoxdu, yoxsa futbol?
– Mən deyərdim ki, küçə yoxdur. 1974-cü ildən sonra Bakıda tikilən bütün məktəblərdə futbol meydançaları olub. Hər, kolxozun, sovxozun, zavodun sadə idman qurğuları olurdu. İndi təzə tikilən məktəblərin stadionları hasara alınıb. Məktəblilərdən başqa heç kim orada oynaya bilmir. Biz futbolçu yetişməsini istəyiriksə bu kütləvi hal almalıdır.

– Futbolçu karyeranıza nəzər salanda iki məqamı yada salmağınızı istərdik. Ən xoş və ən kədərli məqamları nəzərdə tuturam.
– Vaxt olub ki, məşqçi otağa girib futbolçulara deyib ki, məğlub olmadığınıza görə Çingizə borclusuz. İrəvanda oynadığımız oyun yadıma düşür. Həmin oyunda hesabda 1-0 irəlidə idik. Rəqibin hücumlarının ardı-arası kəsilmirdi. O gün bəxt də mənim tərəfimdə idi. Bütün zərbələri qaytarırdım. Ən gözəl oyunu onda göstərmişdim. Çətin oyun isə 1970-ci ildə Moskvanın “Torpedo” komandası ilə olmuşdu. Oyunun 60-cı dəqiqəsinə kimi hesabda irəlidə idik. Sonra komanda fiziki cəhətdən yoruldu. Həm də görüşə itkilərlə çıxmışdıq. Qısası həmin matçda 1-7 hesabı ilə məğlub olduq.

– “Neftçi” Azərbaycan futbolunda tarixi ilkə imza atmaqla Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Qrupda Rusiyanın “Rubin” klubu ilə qarşılaşdı. Yəqin ki, siz də bu kluba qarşı oynamısınız.
– “Rubin” indi daha güclü bir klubdur. O zaman Kazan klubu elə iddialı deyildi. “Neftçi”nin “Rubin”lə oyunlarına baxdım. Mən doğma komandamla hər zaman fəxr etmişəm, udanda da, uduzanda da. “Şəfa”nın prezidenti olduğum dövrlərdə də “Neftçi”nin oyunlarına gedirdim. İndi futbolumuzun ən böyük bəlası azarkeşlərimizin stadiona gəlməməsidir. Qoy gəlsinlər, dəstək olsunlar.

– 80 illik yubileyiniz üçün futbolumuzdan nə hədiyyə gözləyirsiniz?
– Mən həm “Neftçi”dən, həm də AFFA-dan oyunlara daimi buraxılış istəyirəm. Mən də fəxrlə gedib bütün oyunlarımızı izləyim. İnşallah “Neftçi” – “İnter” oyununda da meydanda olacam.

– Azərbaycanda əlcəyinizi hansı qapıçının əlcəyi ilə dəyişərdiniz?
– İlk illərdə mən əlcəksiz dayanırdım qapıda. Sonradan hər şeylə təmin olunduq. Mənim ən çox sevdiyim qapıçı Elxan Həsənov olub onunla dəyişərdim. Hazırda oynayanlardan isə Kamran Ağayevlə.


– Siz uzun müddət televiziya və radio sahəsində şərhçi işləmisiniz. Sizin şərhçilik etdiyiniz dövrlə indiki vəziyyəti müqayisə edərdiniz.

– Əvvəla şərhçini seçmək lazımdır. Hər adamdan şərhçi olmaz.  Mən radioreportaj hazırlayıb gətirirdim. İşimə Valid Sənani, Ələkbər Abbasov kimi şəxslər qiymət verirdi. Burada tələffüz, vurğu hər şey yerində olmalıdır. Mütləq ixtisaslaşma olmalıdır. İndi bir şərhçi futbolu da aparır, atçılığı da, güləşi də. Şərhçilər arasında Fikrət Adıgözəlli yaxşı mənada fərqlənir. Şərhçinin hansısa komandaya rəğbəti ola bilər amma bunu açıq-aşkar büruzə verməli deyil.

– Çingiz müəllim bir daha yubileyiniz münasibətilə sizi təbrik edir və can sağlığı arzulayırıq.
-Təşəkkür edirəm, siz sağ olun.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Elxan Abdullayev: “Hələ qarşıdan daha çox vaxtımız var”

admin

Tuyqun Nadirov: “Belə addım peşəkarlıqdan uzaqdı”

admin

Azad Kərimov: “Böyük məmnuniyyətlə “Kəpəz”də qalmaq istəyərəm”

admin