“Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal əldə olundu. Daha baxımlı oynaya bilərdik. Burada oynamaq heç də asan deyil. Həm meydança, həm buranın atmosferi, havası. Dəniz səviyyəsindən xeyli yuxarıdadır. Futbolçuların daha dinamik olmasına problem yaradır. Oyundan-oyuna “Şamaxı” haqda xoş təəssüratlar yaranır. Onlara uğurlar arzulayıram”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Şamaxı” oyunundan sonra deyib. O, daha sonra belə davam edib:
“Bir neçə oyunçunun daha çox istirahət etməsini istədik. İki ağır oyun keçirmişdilər. Sonda meydanda yerlilərin sayı çoxaldı. Digər futbolçular da əsas heyətdə oynamağa layiq idilər. “Qalatasaray”la matçda hər biri özünü yaxşı tərəfdən göstərmişdi. Qarşıda da belə hallar ola bilər. Kim hazırdırsa, onu meydana buraxmağa çalışırıq.
Filip Ozobiç 4 ay oynamadı. Hələ indi özünə gəlir. Bir az oyun praktikası lazımdır. Birdən-birə 90 dəqiqə meydanda olmağa tam hazır deyil. Bizim üçün hər oyun çox vacibdir. Qarşıdakı matçlarda yavaş-yavaş qaydasına düşəcək.