23 Dekabr 2024
İdman

Daha bir cüdoçumuz medal qazandı

Kubanın paytaxtı Havanada cüdo üzrə Qran-Pri yarışına yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, yarışın üçüncü – sonuncu günüdə Azərbaycan milli komandasının daha 4 cüdoçusu tatami üzərinə çıxıb.

100 kq çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov ilk qarşılaşmasında tatami sahibi Yordani Fernandes Sastreyə qalib gəlib. Daha sonra xorvatiyalı Zlatko Kumriçi mübarizədən kənarlaşdıran Məmmədov, 1/4 finalda Almaniya təmsilçisi Karl-Riçard Freyə uduzaraq təsəlliverici görüşlərə qatılıb. Cüdoçumuz bu mərhələnin ilk qarşılaşmasında almaniyalı idmançı Dimitri Petersə qalib gəlib. İkinci görüşündə isə BƏƏ cüdoçusu İvan Remarenkonu ippon fəndi ilə məğlub edən Elxan Məmmədov Kuba Qran-Prisinin bürünc medalını qazanıb.

Digər 3 cüdoçumuz – Ramin Qurbanov (90 kq), Elmar Qasımov (100) və Uşanqi Kokauri (+100) isə mükafatçılar arasında yer ala bilməyiblər.

Beləliklə, Kuba Qran-Prisini cüdo üzrə Azərbaycan milli komandası 3 medalla başa vurub. Rüstəm Orucov (73 kq) qızıl, Orxan Səfərli (60 kq) və Elxan Məmmədov (100 kq) bürünc medal.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43