“Qarabağ”ın futbolçusu Dani Kintananın İdmanxeber.com-a müsahibəsi.
– Oyunla bağlı nə deyə bilərsiniz?
– Qol şansımız çox oldu. Biz həmin imkanların əksərini boşa verdik. Amma “Qəbələ” ələ düşən imkandan yaxşı yararlandı. Nəticədə, heç-heçə qeydə alındı. Digər tərəfdən, uduzmamağımız yaxşı oldu. Pis olan tərəfi isə qələbə qazanmağa yaxın olduğumuz görüşdə buna nail ola bilməməyimizdir.
– Sizcə, heç-heçə ədalətli nəticə olmadı?
– Ədalətli nəticə bizim qələbəmiz olardı. Amma bu nəticəyə görə də şikayətlənməməliyik. Hər şey qaydasındadır.
– “Qarabağ”ın son dövrlər qələbə qazana bilməməsinin səbəbi nədir?
– Hansısa səbəb açıqlaya bilmərəm. Mümkündür ki, ilin sonu olduğundan yorğunuq. Bəlkə də lider olmadığımızdan irəli gəlir.
– Epizodların birində İlqar Qurbanovla aranızda narazılıq yarandı. Nə baş vermişdi?
– Həmin epizodda İlqarın necə oynayacağını başa düşmədim. Ona mane olmağa hazırlaşmırdım. Sadəcə, elə alındı. Amma aramızda heç bir münaqişə olmadı. Hər şey qaydasındadır.
– “Qarabağ” qış çempionu oldu. Mövsümün geridə qalan dövrünü necə dəyərləndirərdiniz?
– Mən çıxışımızı müsbət qiymətləndirirəm. İkinci yerdə qərarlaşan komandanı səkkiz xal qabaqlayırıq. Şadam ki, mövsümün geridə qalan dövrünü lider kimi başa vurduq.
– “Qarabağ”la “Qəbələ” Avroliqanın qrup mərhələsində oynayırdı və bu iki klubun görüşünə azarkeşlərin xüsusi marağı vardı. Bəs futbolçuların?
– Şübhəsiz ki, “Qəbələ”nin sıradan rəqib olmadığını bilirdik. Onlar həm də bu mövsüm bizim əsas rəqibimizdir. “Qəbələ” hücum etməyi bacaran, müdafiədə oturmaqla kifayətlənməyən komandadır. Amma rəqibin gücünü bilirdik. Ona görə də “Qəbələ”yə qarşı oynamaq maraqlı idi.
– “Qarabağ”ın istirahətə böyük ehtiyacı olduğu şübhəsizdir. Yəqin ki, ilin son matçını böyük səbrsizliklə gözləyirdiniz…
– İyunun 18-dən fasiləsiz oynayırıq. Şübhəsiz ki, psixoloji istirahətə ehtiyacımız var. Ailəmizlə də vaxt keçirməyimiz lazımdır.
– Jurnalistlər arasında keçirilən sorğuda komanda yoldaşınız Riçard Almeyda Azərbaycanda oynayan legionerlər arasında ən yaxşı futbolçu seçilib. Yəqin ki, bu, sizin üçün gözlənilməz olmadı…
– Sössüz, o, bu ada layiqdir. Riçard komandamızın əsas oyunçularından biridir. O, çox yaxşı futbolçudur. Biz onunla bir-birimizi çox yaxşı başa düşürük.
– Bəs Reynaldo üçün darıxırsınızmı?
– Əlbəttə. O da “Qarabağ”ın aparıcı futbolçularından biridir. Reynaldo mövsümün ikinci hissəsində bizə çox lazım olacaq. Onun sıraya dönməsini səbrsizliklə gözləyirik.