“İnanılmaz oyun idi. Mövsümdə ilk dublumu rəsmiləşdirdim. Qələbəyə görə çox sevincliyəm. Komandamız ikinci hissədə xarakter nümayiş etdirdi. İlk qolu vursaq da, qapımızda sanssız şəkildə qol gördük. Amma ruhdan düşmədik, sona qədər döyüşdük. Düşünürəm ki layiqli qələbə qazandıq.”
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”-“Simurq” matçının ardından matçda dubl etməklə “qırmızı-qaralar”a qələbə qazandıran və mövsümdəki qollarının sayını 6-a çatdıran Daniel Subotiç deyib. O, uğurlu statististikasının davam etməsinə görə şad olduğunu bildirib. Hücumçu matçın son saniyələrində vurduğu qola şərh verməyi də unutmayıb:
“Komandam mənim qol vurduğum oyunların hamısında qələbə qazanıb. Bu uğurlu statistikanın davam etməsinə görə çox şadam. Önəmli olan komandamın qalib gəlməsi və xal ehtiyatını zənginləşdirməsidir. İnanıram ki, qol vurmağa və qələbə qazanmağa davam edəcəyik. “Simurq” üzərində qələbəmiz çox çətin və maraqlı alındı. Son anda qol vurmaq insana fərqli duyğular yaşadır. Matça 3 dəqiqə əlavə olundu, amma biz sona qədər qələbəmizə inandıq. Ebesilio ilə bir-birimizi çox gözəl başa düşürük. O, mənim əlverişli mövqedə olduğumu vaxtında gördü və gözəl ötürmə verdi. Mən də üzərimə düşəni etdim”.