“Bura gəlmək və burda yaşamaq mənim üçün vacib idi. Burdakı insanlar çox yaxşıdırlar, əcnəbilərə qarşı nəzakətlidirlər. Xəzər dənizinin yanındayıq. Gözəl şəhərimiz və stadionumuz var.
Son 10 ildə Azərbaycan futboluna pullar yatırıldı. Bunun hesabına yaxşı stadionlar tikildi. Amma milli komandanın baş məşqçisinin əsas problemi xaricdə oynayan futbolçularla bağlıdır. Azərbaycanda millisinin futbolçuları ancaq yerli liqada oynayır”.
Idmanxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi deyib.
Təcrübəli mütəxəssis millinin DÇ-2022-dəki rəqiblərindən olan İrlandiyanın qol vura bilməməsinə toxunub:
“Beynəlxalq oyunlarda qol vurmaq çox asan deyil. Sizin Kriştiano Ronaldonuz yoxdursa, qol vurmağınız çətindir. Millidə bir araya gələndə, hazırlaşmaq üçün klubdakı qədər vaxtımız olmur. Mənim üçün Azərbaycan millisi ilə irəliyə doğru addım hesab etdiyimiz hədəflərimiz var. Artıq komandamızda balans var. Qol vura biləcək hücumçularımız yoxdur. Bu, bizim üçün problemdir, amma yaxşı təşkilatlanırıq.
İrlandiya millisinin İngiltərədə uğurlu çıxış edən futbolçuları var. Millinin ikinci qapıçısı “Liverpul”da oynayır. Biz isə belə futbolçulara sahib deyilik.
Portuqaliya, Serbiya və İrlandiya bizim üçün çox güclü üç komandadır. Seçmə mərhələni uğurla adlamaq xəyalımızı gerçəkləşdirmək çətin olacaq. Portuqaliya digərlərindən daha keyfiyyətli komandadır. Buna görə də, İrlandiya ikinci yer uğrunda Serbiyanı məğlub etməli olacaq”.
De Byazi Azərbaycan millisi ilə gerçəkləşdirmək istədiyi xəyalından da danışıb:
“Albaniyada çalışarkən, çox az insan Avropa çempionatına qatılacağımızı düşünürdü. Orda da indiki mövqeyimdə başlamışdım. Bu möhtəşəm anı xəyal edə bilərik. Bunu Albaniya ilə bacardıq, oyunlarda qalib gəlməyə çalışdıq, təbii ki, asan deyildi. 5-ci səbətdən gələn komandanın seçmə mərhələni keçməsi çətindir, amma mənim işim cəhd etməkdir”.