Ölkə futbolu

Denis Silvanın törətdiyi qəzanın təfərrüatı və “Neftçi”nin Şumaxerləri

“Neftçi”nin futbolçusu Denis Silavanın avtomobil qəzası keçirməsi ilə bağlı sizə məlumat vermişdik.

İdmanxeber.com-un məlumatına görə, klub avtobusu ilə deyil, şəxsi avtomobili ilə “İnter”lə oyuna gəlmək istəyən braziliyalı futbolçu Heydər Əliyev prospektində VAZ 07 markalı maşınla toqquşub. Qəzada yaralanan olmasa da, hər iki maşına ziyan dəyib. Bundan sonra isə müdafiəçnin maşını cərimə meydançasına aparılıb.

Qəzanın baş verməsinə səbəb isə Denis Silva olub. Belə ki, avtomobilini sürətlə idarə edərək, komandanın oyununa gəlmək istəyən Silva nəticədə qəza törədib. Daha sonra isə futbolçu klub rəhbərliyinə baş vermiş hadisəni başa salıb. Nəticədə Denis meydanda yox, oyunu tribunadan izləməli olub. 

Maraqlııdır, görəsən klub avtobusu varkən, Silva nədən öz maşını ilə oyuna gəlmək qərarına düşüb? Və ya peşəkar bir klub futbolçunun bu istəyini niyə nəzərə alıb? Axı o avtobusda oyuna gedənlərin də öz şəxsi avtomobili var. 

Bundan əlavə, Araz Abdullayev qəzası yadınızdadırmı? Bir nəfərin ölməsi, birinin yaralanması ilə nəticələnən o qəzadan elə çox müddət də keçməyib axı… Bəs, siz Abdullayevi düşməsi lazım olan dəmirbarmaqlıqlar arasından çıxardarkən, futbolçulara “ehtiyatlı olun” deməmişdiz? Məgər, başa salmamışdız ki, siz Şumaxer yox, futbolçusunuz. Yəqin ki, “kef edin, dədəniz burdadı” kəlməsi istifadə olunub ki, nəticəsi də, qəzalardı… 

Təbii ki, söyləyə bilərsiz ki, hadisədi də oldu, hər kəsin başına gələ bilər… Tam razı, ancaq burada iki məqam var: biri eyni halın yenidən “Neftçi”də yaşanması, digəri isə klub avtobusundan deyil, şəxsi maşından istifadə etmək… 

Budu peşəkarlıq nümunəsi? 

Səxavət



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43