Müsahibə

Dənizlinin istəmədiyi futbolçu: “Lənkəranda mənə elə də çox şans verilməmişdi” – MÜSAHİBƏ

“Sumqayıt”ın futbolçusu Uğur Pamukun idmanxeber.com saytına müsahibə verib

– “Neftçi” üzərində inamlı qələbə qazandınız. Oyunla bağlı nə deyərdin?

– İlk öncə deyim ki, “Simurq”la bu matçdan öncə qarşılaşmışdıq və həmin oyunu pis oynamışdıq. Demək olar ki, Zaqatalada bizdə heç nə alınmadı və nəticədə böyükheabla məğlub olduq. Komanda ruhunu bərpa etmək üçün “Neftçi”ylə oyuna qələbə üçün çıxmışdıq. “Neftçi” böyük komandadır. Lakin kim olur-olsun biz qorxmuruq. Elə buna görə də rəqib gərgin idi və biz öz oyunumuzu oynayıb, qələbə qazandıq.

– Sən “Xəzər Lənkəran” forması ilə “Neftçi”yə qarşı oyunlarda çıxış etmisən. Bəs “Sumqayıt” forması ilə “Neftçi”yə qarşı oyunda motivasiya baxımından nə kimi fərq var idi?

– Mən ilk dəfə Azərbaycana gələndə “Neftçi”, “Qarabağ” və bu kimi digər böyük komandalara qarşı meydana yüksək motivasiya ilə çıxırdım. Bilirdim ki, bunlar böyük komandalardı. İndi də böyük komandalardı. Amma indi “Rəvan”a qarşı necə meydana çıxırdımsa, necə oynayırdımsa indi “Neftçi”ylə matçda da həminki kimi çıxış edirəm. Bütün oyunlara ciddi yanaşıram ki, öz oyunumu göstərə bilim.

– Müqavilə ilə “Xəzər Lənkəran”a məxsussan. Göstərdiyin futbolla yenidən “Xəzər Lənəran”a qayıdıb, Mustafa Dənizlinin rəğbətini qazana biləcəyinə əminsən?

– Mən özümə inanıram. Lənkəranda mənə elə də çox şans verilməmişdi. Amma “Sumqayıt”da bütün oyunlarda meydana çıxıram, yaxşı çıxış edirəm və özümü göstərə bilirəm. İnşallah yaxşı çıxış edib, özümü doğruldaraq Lənkərana qayıtmaq istəyirəm.

–  “Xəzər Lənkəran”dan kimsə göstərdiyin oyunla bağlı icarə müddətində səninlə əlaqə saxlayıbmı?

– Yox, heç kim əlaqə saxlamayıb. Sadəcə futbolçularla əlaqə saxlayırıq. Onlarla həmişə zəngləşirik.

– “Xəzər Lənkəran”ın fasilədən sonra göstərdiyi oyun və qazandığı nəticələrdən yəqin ki, xəbərin var.

– Bəli, daim izləyirəm.

– “Xəzər Lənkəran” bu müddətdə göstərdiyi oyun və nəticələrlə bağlı sən nə deyərdin?

– Mustafa Dənizli gələndən bu yana “Xəzər Lənkəran” yaxşı çıxış edir. “Qarabağ”, “Qəbələ”ni səfərdə məğlub etdilər. “Neftçi”ylə heç-heçə də yaxşı nəticə idi. Sadəcə “Bakı” yenilgisi olmasaydı daha yaxşı olardı. Məncə “Xəzər Lənkəran” düz yoldadı və inanıram ki, komanda Dənizli ilə daha yaxşı nəticələr qazanacaq.

Səxavət


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43