Ölkə futbolu

Deyvid Sakkoni: “Mario Souza mənə dedi ki…” – MÜSAHİBƏ

Xəzər Lənkəran”ın braziliyalı futbolçusu Deyvid Sakkoninin müsahibəsi


– Topaz Premyer Liqasının III turunda “Qəbələ” ilə səfər matçında debüt etdiniz. Lakin komandanız 0:2 hesabı ilə uduzduğundan “siftə”niz uğursuz alındı. Ölkəmizdə keçirdiyiniz ilk oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı… 
– Təbii, debütünün uğurlu alınmasını hər kəs istər. Adətən, ilk oyunlar unudulmur. Ancaq nə etmək olar, uduzduq, növbəti matçlar barədə düşünməliyik. Hələ çempionatın əvvəlidir. İnanıram ki, komanda yoldaşlarımla yaxşı işlər görə biləcəyik.


– Artıq Bakıda, Lənkəranda və Qəbələdə olmusunuz. Ölkəmizlə bağlı təəssüratlarınız necədi? 

– Çox yaxşı. Düzdü, istənilən xarici ölkəyə yollananda oranın ab-havasına, insanlarına, mətbəxinə uyğunlaşmaqda çətinlik çəkirsən. Lakin etiraf edim ki, burada sıxılmıram. “Xəzər Lənkəran”da mənimlə eyni durumda olan xeyli əcnəbi futbolçu var. Hər kəs bir-birinə dəstək olur. Hər keçən gün daha da yaxşı olacağına əminəm. Baş məşqçimiz Con Toşak burada yeni komanda qurur. Hazırda işlərimiz yaxşı getməsə də, vəziyyətin dəyişəcəyinə inanıram. Çətinlikləri birgə arxada qoymalıyıq.


– Adətən, əcnəbi futbolçular paytaxt klublarında forma geyinmək istəyir. Əyalətdəki mühit sizi sıxmır ki? 

– Xeyr, qeyd etdiyim kimi, biz burda bir ailəyik. Ümumi məqsədlər uğrunda mübarizə aparırıq. Mənim üçün önəmli olan futboldu. Azərbaycanda əksər klubların azarkeş baxımından problem yaşadığını bilirəm. Ancaq Lənkəranda bu baxımdan hər şey yolundadı və bu, məni sevindirir. Həqiqətən də komandamızın möhtəşəm, eyni zamanda tələbkar fanatları var.


– “Xəzər Lənkəran”a keçidiniz necə baş tutdu? 

– Klubun meneceri, həmyerlim Mario Souzanın vasitəçiliyi ilə. Məni tanıyırdı, oyunuma bələdi idi. Azərbaycana gəlməyimi təklif etdi və bildirdi ki, oyun tərzim “Xəzər Lənkəran”a uyğun gəlir. Baş məşqçimiz də məni bəyənincə, müqavilə bağladıq.


– “Xəzər Lənkəran”ın təklifi sizi daha çox nə ilə cəlb etdi? 

– Komandanın iddialı olması ilə. Mənə bildirildi ki, “Xəzər Lənkəran” çempionluğa oynayan komandadı və böyük azarkeşlərə malikdi.


– Karyeranız ərzində “Palmeyras” kimi tanınmış klubda oynamaqla yanaşı, Yaponiyada legioner həyatı da yaşamısınız… 

– Bəli, karyerama erkən yaşlarımdan başlamışam. “Quarani”nin yetirməsiyəm, “Qremio Barueri”də, “Palmeyras”da çıxış etmişəm. Ölkə xaricində yalnız bir dəfə – Yaponiyanın “Veqalta Sendai” klubunda qısa müddətdə top qovmuşam. İndi isə “Xəzər Lənkəran”la yeni səhifə açıram.


– Yeri gəlmişkən, “Qremio Barueri”də “Neftçi”nin aparıcı oyunçularından olan həmyerliniz Flavinyo ilə birgə çıxış etmisiniz. Ölkəmizdəki braziliyalı futbolçularla tanış olmağa macal tapmısınız? 

– Düzdür, Flavinoyo ilə eyni vaxtda “Qremio Barueri”nin şərəfini qorumuşuq. Lakin bu, elə də uzun çəkməyib. Burdakı braziliyalılara gəlincə, məsələn, Qəbələdə Dodo ilə tanış oldum. Yəqin ki, digərləri ilə də bir araya gəlməyə imkan olacaq.


– Dünya səviyyəsində tanınmış futbolçulardan kimlərlə eyni komandada çıxış etmisiniz? 

– Güclü, yaxşı futbolçular çox olub. Edu, Vaqner Lav kimi tanınmış simaları misal gətirə bilərəm. 


Apasport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43