Kateqoriyasız

Diniyevli “Rəvan” ilkə imza atdı

Topaz Premyer Liqasının 11-ci turunda “Rəvan” “Bakı” ilə qarşılaşdı. Futbolinfo.az xəbər verir ki, “Bayıl Arena”da keçirilən oyunda qol olmasa da, maraqlı və gərgin mübarizə yaşandı. Bu oyun həm də bir neçə cəhətdən fərqləndi.

Axı “Rəvan” Premyer Liqada iştirak etdiyi ardıcıl 3-cü mövsümdə də ev oyununda “Bakı” ilə “sülh” bağladı. Qolsuz heç-heçə 0:0-ların sayının 2-yə çatmasına səbəb oldu. 1 dəfə isə “aslanlar” evdə bu rəqiblə hərəyə 1 qol vurub 1 xal qazanmışdı.

“Bakı” ilə oyundakı “sülh” həm də “Bayıl” stadionunda keçirilən görüşlərdə əldə olunan ardıcıl 4-cü heç-heçə anlamına gəldi. İndiyə qədər komanda nəinki Premyer Liqada, heç I divizionda da dalbadal 4 ev oyununda heç-heçə etməmişdi. Başqa sözlə, bu baxımdan bir ilkə imza atıldı.

“Rəvan” Premyer Liqada çıxış etdiyi müddətdə 6-cı dəfə 0:0 hesabının qeydə alındığı oyun komandanın çempionatlar çərçivəsində 185-ci xalını qazanmasına da yardım etdi. Bunun 97-si I divizionda əldə olunubsa, 88 xal elitanın payına düşür. Bu qədər xal 123 oyuna toplanılıb.

Cari mövsüm 3-cü dəfə “quru” oynayan komanda üçün görüş həm də Premyer Liqa çərçivəsində keçirilən 75-ci qarşılaşma kimi yadda qaldı. Hesabına 19-cu elita “sülh”ünü yazan “Rəvan” 23 dəfə qələbə qazanıb, 33 dəfə xalsız qalıb. Bu müddətdə komanda hesabına 88 xal yazdıra bilib.

Oyunun daha bir özəlliyi baş məşqçi Şahin Diniyevlə bağlıdı. Belə ki, təcrübəli mütəxəssis “Rəvan”da ilk xalını ölkə çempionatlarında baş məşqçi kimi yubiley – 100-cü matçına çıxarkən qazanıb. O, bu nəticəni 3 klubdakı fəaliyyəti ilə əldə edib.

“Rəvan”a qədər Diniyev “Qarabağ-Azərsun” (51 oyun) və “Gəncə”nin (47 oyun) baş məşqçisi kimi ölkə çempionatının həyəcanını yaşayıb. Qeyd edək ki, hazırda Şahin Diniyevin aktivində 49 qələbə, 21 heç-heçə və 30 məğlubiyyət var. Premyer Liqada 50-ci qələbənin astanasında olan Diniyevin Azərbaycan çempionatları tarixində 100 və daha çox oyunda baş məşqçi olan 21-ci çalışdırıcı kimi tarixə düşdüyünü də vurğulayaq. (klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43