“Dnepr”in futbolçusu Nikola Kaliniç Ukrayna kubokunun 1/8 final mərhələsinin “Volın”la cavab görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb.
– Nikola, necə alındı ki, qol vuran zaman topu yuxarı küncə göndərdiniz?
– Ümumiyyətlə, qapını dəqiq nişan almağa çalışdım, ancaq top yuxarı küncə getdi.
– Meydana sonradan daxil oldunuz və fərqləndiniz. Daha əvvəl ilk dəqiqələrdən oynayaraq da qol vururdunuz. Burada sənin üçün hər hansı bir fərq varmı?
– Bilmirəm, meydana nə vaxt çıxmağımdan asılı olmayaraq, hər zaman daha yaxşı oynamağa çalışıram. Lakin start heyətdən mübarizə aparmaq daha gözəldir.
– “Volın”nın belə az müqavimət göstərəcəyini gözləyirdin?
– Biz Lutskda 0:1 hesabı ilə məğlub olduq. Ancaq orada kifayət qədər qol imkanlarımız olmuşdu. Bu gün daha yaxşı oynayıb, 4 qol vurduq.
– Qarşıda “Dinamo”, “Şaxtyor” və “Qarabağ”la oyunlarınız var. Hansı daha ağır olacaq?
– Bu görüşlərin hamısı vacibdir. Bu mənada hər bir oyun ağır olacaq.
– Bu, komanda üçündür. Bəs şəxsən sənin üçün necə?
– Bilmirəm… Yəqin ki, “Dinamo” ilə oyun.
– Bir neçə gün öncə “Qarabağ”la ev oyunu uğursuz alındı. Necə fikirləşirsiniz: Səfərdə vəziyyəti düzəltməyə gücünüz çatacaq?
– Fikrimcə, biz “Qarabağ”dan daha güclüyük. Hərçənd, onlar da yaxşı komandadır. Heyətlərində braziliyalılar və Makedoniya yığmasının futbolçusu Muarem Muarem da var.
– Bəs Bakıdakı oyun son şans olacaq?
– Bəli. Qələbə qazanmaq lazımdır.
– Səncə, nəyə görə “Dnepr” evdə və səfərdə fərqli oyun nümayiş etdirir?
– Burada biz öz azarkeşlərimiz qarşısında çıxış edirik. Məncə, “İnter” və “Qarabağ”a qarşı da burada oynasaydıq, stadion dolu olardı.