Afrika qitəsi DÇ-yə gec inteqrasiya olmuşdu. Amma son mundaillara nəzər saldıqda xüsusi uğurlara imza atdıqlarını görə bilərik. Mən də bu nəticələri əlimdə fənər edərək, DÇ-də oyunları ilə yadda qalan 10 afrikalı futbolçu axtarışına çıxdım. Qeyd üçün bildirim ki, Droqba və Eto kimi ulduzlar bu siyahıda yoxdu. Klub səviyyəsində mükəmməl işlər görsələr də, həmin performansları biz DÇ-də görə bilməmişik. Əlqərəz DÇ-lərin tarixində qalan 10 afrikalı
10.Lakdar Bellomi (Əl Cəzair)
AFR – Avstriya oyununda bəzi məlumatlara görə Avstriya qonşularına bilərək məğlub olmuşdu. Əgər bu hadisə baş verməsəydi Əl Cəzair qruplardan çıxan ilk Afrika ölkəsi kimi tarixə düşəcəkdi. Bellomi isə Rabah Macer ilə birlikdə bu komandanın bütün yükünü çiyinlərində daşıyırdı desəm yanılmaram. AFR-i 2:1 hesabı ilə məğlub etdikləri oyunda da qolların müəllifi bu futbolçular idi. Bellomi 1990 DÇ-nin seçmə oyunlarında, Misirlə oyun zamanı rəqib komandanın həkimin gözünü çıxartması səbəbi ilə 20 il ölkə xaricinə çıxmama cəzası almışdı
9. Ezaki Badou (Mərakeş)
1986-ci DÇ-də Afrikanın qüruru sayılacaq bir milli komanda var idisə, o da Mərakeş yığması idi. Portuqaliyanı 3:1 hesabı ilə məğlub etdikləri oyun DÇ-nin klassikləri arasında öz yerini almışdı. Qrup mərhələsində qapısında bir qol gördüyü halda, bir qələbə və iki bərabərliklə Mərakeş yığmasının qrupdan çıxmasında böyük pay sahibi oldu. Bu isə ilk dəfə bir Afrika ölkəsinin qrupdan çıxması idi. Demək olar ki, Badou bu tarixi öz “əllər”i ilər yazdı. Növbəti mərhələdə AFR-ə minimal hesabla məğlub olan Mərakeş vətənə başı dik yola düşmüşdü.
8. Rəşidi Yekini (Nigeriya)
DÇ-1994-də 31 yaşında gələn Yekini, Nigeriyanın mundiallar tarixindəki ilk qoluna imza atdı. Onun Bolqarıstan millisinin qapısından keçirdiyi topdan sonra qapı toruna sarılaraq sevinməsi DÇ-in simvolu halına gəlmişdi. 4 il olsa Fransadakı mundialda Nigeriya millisi ilə qrupdan çıxmağı bacaran Yekini, 2011-ci ildə 48 yaşında vəfat etmişdi
7. François Oman Biyik (Kamerun)
DÇ-1990-nın açılış oyununda Kamerun ilə son çempion Argentina üz-üzə gəlirdi. Hamı Kamerunun Marodanalı Argentina qarşısında böyük hesab ilə məğlub olacağını gözlədiyi halda Afrika təmsilçisi 9 nəfərlə oyunu qalib bitirməyi bacarır. Oyunun yeganə qolunu isə 24 yaşındakı Oman Biyik vurur. Onun Argentinanın qapısından başla keçirdiyi qol Kamerun millisinin 1/4 finala kimi aparmışdı. Oman Biyik 4 il sonra baş tutan mundialda da fərqlənməyi bacarmışdı
6.Okoça (Nigeriya)
Almaniya futbol məktəbinin məhsulu olan, nigeriyalı top sehirbazı bizə ən çox “Fənərbağça”dakı oyunu ilə tanışdı. 1994, 1998 və 2002-ci illərdəki mundiallarda Nigeriya millisinin ən vacib üzvlərindən idi. O qatıldığı mundialların ilk ikisində qrupdan çıxma sevincini yaşamışdı
5. Papa Boba Diop (Seneqal)
DÇ-2002-də Seneqalın növbəti mərhələyə biletini Diop tək başına təmin etdi desəm yanılmaram. Çünki, o əvvəlcə açılış oyununda son çempion Fransını məğlub edən qolun müəllifi olaraq artıq diqqətləri üzərinə çəkməyi bacarmışdı. Növbəti mərhələ üçün vacib olar Uruqvay ilə oyunda da gözlənilmədən 2 qol vuran Diop Seneqalın adını son 16 milli arasına yazdırdı. Onun xəyallarına isə 1/4 finalda İlhan Mansız xətt çəkmişdi
4.Daniel Amokaçi (Nigeriya)
Mükəmməl Nigeriya komandasının möhtəşəm futbolçularından biri. Onun da Okaça kimi Türkiyə karyerası olub. Amma o yerlisindən fərqli olaraq “Fənərbağça”deyil, “Beşiktaş”ın formasını tərlətmişdi. 1994 mundialında göstərdiyi oyunla çox azarkeşlərin qəlbini fəth etmişdi. Lakin zədələr onu karyerasını tez bitirməyə vadar etdi. 1998-ci ildə karyerasının son oyununa çıxdı
3. Tomas N`Kono (Kamerun)
Düşünün, Buffon biri haqqında deyir. “Mən qapıçı olmağı onun oyununa baxaraq sevdim”. Bəli bu insan haqqında bəhs etdiyimiz Konodur. Avropada üzün müddət fərqli klubların qapısını qoruyan Kono, DÇ-1990-da millisinin 1/4 finala kimi irəliləməsində əvəzsiz pay sahibi olmuşdu. DÇ-1994-də 22 nəfərlik heyətdə yer alsa da forma şansı əldə edə bilməmişdi. Həmin mundialda Kononun artıq 34 yaşı var idi.
2. Asamoah Qyan (Qana)
Bəlkə də DÇ-2010-da Uruqvay ilə oyunun son dəqiqələrində o penaltini vura bilsə idi, indi bu siyahıda ilk pillədə idi. Həm 2006, həm də 2010-da Qana millisinin son 16 və son "səkkizliy"ə qalmasında böyük pay sahibi idi. Vurdugu qollarla, keçidləri və sürəti ilə rəqib müdafiəsinin əsl məna baş bəlası idi. Amma o penalti …
1.Rojer Milla (Kamerun)
DÇ-1990-dan əvvəl 38 yaşındakı Milla artıq təqaüdə çıxmışdı. Reynion adasında istirahətə çəkilən Millaya Kamerun Respublikasının prezidenti Paul Biya zəng edərək onu mundiala gedəcək milliyə dəvət edir. DÇ-yə yollanan Milla Kolumbiya və Ruminıyaya vurduğu qollardan sonra, sevincini rəqs edərək azarkeşlərlə paylaşırdı. Onun etdiyi bu rəqs mundialların simvolu halına gəlmişdi. 1/4 finalda Kamerun millisi İngiltərə ilə qarşılaşdı. Bu görüşdə millisinə bir penalti qazandıran və bir asist edən Milla məğlubiyyətə mane ola bilmədi. Bunula belə Kamerun millisin DÇ-də 1/4 finala yüksəlmiş ilk Afrika ölkəsi olmaqla yanaşı, Milla da mundiallarda fərqlənən ən yaşlı futbolçu statusunu əldə etdi.
Əcəmi Əsadullayev